RUSİYA VƏ TÜRKİYƏ XİN RƏHBƏRLƏRİ QARABAĞDA CARİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya işgüzar səfər edəcək. Burada onun Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları nəzərdə tutulur.

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı Moskvada brifinqdə elan edib.

M.Zaxarova deyib: “Geniş əhatəli məsələlər barədə ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətini və bu əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə etmək planlaşdırılır. Bundan əlavə, Qərbin Rusiyaya qarşı qeyri-legitim sanksiyalar tətbiq etməsi şəraitində ticari-iqtisadi əməkdaşlıq barədə də söhbət olacaq”.

Tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair, ilk növbədə Qarabağ, Ukrayna, Suriya və Liviyada cari vəziyyət, habelə Balkanlarda, Əfqanıstanda və Mərkəzi Asiyada vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.

M.Zaxarova onu da bildirib ki, Sergey Lavrov Ankara səfərindən sonra KTMT üzvü olan ölkələrin XİN rəhbərləri şurasının iclasında iştirak etmək üçün Ermənistana gedəcək.