
Rusiya və Ermənistan münasibətlərinin inkişaf axarı artıq xeyli müddətdir ki, iki ölkə arasında yaranmış gərginliyin hələ davam edəcəyini göstərir. Rəsmi Moskvanın müxtəlif formada xəbərdarlıqlarına baxmayaraq, İrəvan Qərbin ən müxtəlif qüvvələrini öz ərazisində yerləşdirməyə, bu düşərgənin orbitinə yuvarlanmağa davam edir. İndi Ermənistanda az qala bütün sahələrdə Qərbə bağlı qüvvələrin total nəzarəti üçün lazımi şərait yaradılır. Hadisələrin bu səpkidə cərəyan etməsi Qərb tərəfindən Ermənistanda Rusiyanın mövqelərinin sıxışdırılması prosesinin sürətlənməsinə gətirib çıxarmaqdadır. Hətta bu gedişlə Ermənistanın Ukraynadan sonra Rusiyaya qarşı Qərbin istifadə edəcəyi ikinci cəbhə olacağı barədə indi daha çox xəbərdarlıqlar edilir.
Təbii ki, bütün bunlar şimal qonşumuz tərəfindən xüsusi narahatlıqla qarşılanır, müvafiq olaraq, Ermənistana daha çox xəbərdarlıqlar ünvanlanır. Məsələyə növbəti dəfə toxunan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “168 jam” qəzetinə müsahibəsində bildirib ki, Moskva erməni tərəfinin Rusiya ilə qarşıdurmada “ikinci cəbhə” açmaq üçün Qərbə imkan verməyəcəyinə ümid edir: “Regionda fəal olan Qərb dövlətlərinin xeyirxah bəyanatlarının arxasında gizli bəd niyyətlərin dayandığını biz çoxdan sezmişik. Qərbin rəsmi nümayəndələrinin özləri Ukraynada xüsusi hərbi əməliyyat başlayandan az sonra etiraf və açıq şəkildə bəyan etməyə başlayıblar ki, onlar Rusiyanın, eləcə də İran və Çinin Cənubi Qafqazda “bədxassəli” təsirini azaltmaq niyyətindədirlər…Ermənistanın suveren ölkə kimi, sözsüz ki, istədiyi tərəflə münasibətləri inkişaf etdirmək hüququ var. Eyni zamanda, bizim erməni müttəfiqlərimizin Qərbdəki rusofob qüvvələrin Rusiya ilə qarşıdurmada öz gözəl ölkələrindən “ikinci cəbhə” açmaq üçün istifadə etməsinə imkan verməyəcəklərini və dinamik inkişaf edən Avrasiya inteqrasiya proseslərində iştiraka xələl gətirməyəcəklərinə ümid etmək üçün kifayət qədər əsasımız var”. Amma reallıq rus səfirinin dediklərinin tamamilə əksini göstərir.
Son illərdə Ermənistanın Qərbə doğru siyasəti intensiv xarakter alıb, cari ilin əvvəlindən özünün daha sürətli mərhələsinə qədəm qoyub. Yeni il tətilindən dərhal sonra baş nazir Nikol Paşinyan Avropa İttifaqına üzvlüklə bağlı qanunun qəbulu prosesinə başlandığını bəyan edib. Bundan bir neçə gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamaq üçün Vaşinqtona gedib. Qərbə bağlı hərbi missiya Ermənistanda Avropa İttifaqının monitorinq qrupu altında fəaliyyət göstərir. Hərbi sahədə Ermənistan Rusiyanı Fransa ilə əvəzləyib. Bundan başqa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini faktiki dondurub. Ərazisində Qərb hərbi qüvvələri ilə vaxtaşırı təlimlər təşkil edir. Eyni zamanda İrəvanda indi daha çox Qərbdən gələn direktivlər əsasında fəaliyyət həyata keçirilir. Düzdür, bunların heç biri hələlik Rusiya ilə müttəfiqlik münasibətlərinin pozulması demək deyil. Ermənistan rəhbərliyi ictimai bəyanatlarında çoxvektorlu xarici siyasətdən və bütün qlobal güc mərkəzləri ilə əlaqələrin inkişafından danışmağa davam edir. Amma praktikada Qərblə yeni müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi üçün genişmiqyaslı iş görülür.
Ermənistan Rusiyaya xəyanətin, onun maraqlarını Qərbə qurban verməyin bədəlinin ağır olacağını bilməmiş deyil. Bundan başqa, İran faktoru da diqqət yayınmamlıdır. İranın regionda Qərb təsirinin güclənməsi ilə bağlı qorxularını sakitləşdirmək üçün İrəvan rəsmiləri vaxtaşırı Tehrana səfər edirlər. Ermənistan rəsmilərinin sözlərinə görə, onlar oxşar üsullarla Rusiya ilə problemlərin qarşısını almağa çalışırlar. Bununla belə, İrandan fərqli olaraq, Moskvanın təsir mərkəzləri və müvafiq məlumatları həddən artıq çoxdur, buna görə də İrəvanın mövqeyini əvvəlcədən izah etmək cəhdləri çox vaxt uğursuzluqla nəticələnir. Çünki Ermənistanın Qərblə sövdələşmədə Rusiyanı və İranı asanlıqla satacağını və əslində, bu prosesə başladığını həm Moskvada, həm də Tehranda yaxşı bilirlər.
Belə vəziyyətdə Ermənistan rəsmilərinin Rusiyaya qarşı artan ittihamları mənzərəni daha aydın təsəvvür etməyə imkan verir. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanı ölkəsinə qarşı hibrid müharibə aparmaqda ittiham edir. Bundan başqa, onun dediklərindən belə bəlli olur ki, Rusiya Ermənistan daxilində ona sadiq qüvvələrlə ölkədə vəziyyəti qarışdırmaq, hakimiyyəti devirmək istəyir. Bu kontekstdə Alen Simonyan sabiq prezident Robert Köçəryanın timsalında konkret ad da çəkir: “Robert Köçəryan Ermənistanda rus casusu statusuna malik şəxsdir. Bu, mənim şəxsi fikrimdir. Mən siyasi xadiməm və siyasi bəyanatlar vermək azadlığına sahibəm. Köçəryan Rusiyanın maraqlarını güdən şəxsdir və bu istiqamətdə xidmət göstərən siyasi xadimdir. Siz Rusiyanın bəyanatları ilə tamamilə üst-üstə düşən bəyanatlar verəndə, sizin fraksiya üzvləriniz üst-üstə düşən bəyanatlar verəndə mən belə nəticə çıxara bilərəm. Heç kimə sirr deyil ki, Robert Köçəryanın tərəfdarı, Gümrü şəhərinin meri Ermənistanı Rusiya və Belarusla birləşmiş dövlətdə gördüyünü bildirir və belə misallar az deyil”. Onun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə aparılır və o, vaxtaşırı qızışdırılır. Bu işə erməni soyadlı bəzi rusiyalı ekspertlər cəlb olunur, hakimiyyəti dəyişməyə, mitinqlər elan etməyə çalışırlar. Alen Simonyan əmindir ki, bu cəhdlər 2026-cı il seçkilərinə qədər fəallaşacaq və əks-effekt verəcək, hakim “Vətəndaş müqaviləsi” partiyasının reytinqi ikiqat artacaq.
Bütün bunlar Köçəryanın və komandası daxil olmaqla radikal müxalifətin son vaxtlarda siyası fəallığının artması kontekstində qeydə alınır. Köçəryan bu yaxınlarda Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya prosesini tənqid edərək, bunun Aİİ, o cümlədən Rusiya ilə iqtisadi əlaqələrə xələl gətirə biləcəyini bəyan edib. Digər sabiq prezident Serj Sarkisyan isə hakimiyyəti dəyişmək üçün hərəkətə keçdiklərini bildirib. Bu şəxslərin Rusiya ilə bağlı olduğuna dair erməni mediasında kifayət qədər materiallara rast gəlmək mümkündür.
Beləliklə, Rusiya və Ermənistan arasında münasibətlər heç də rəvan deyil və gərginlik nöqtələri sürətlə artır. Bu halda Ermənistanın cəzalandırılması üçün şimal qonşumuzun artıq sözdən əmələ keçmə ehtimalı da əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
MTM Analitik Qrup