RUSİYA-UKRAYNA MÜHARİBƏSİ AVROPANIN İQTİSADİ PROBLEMLƏRİNİ DƏRİNLƏŞDİRƏCƏK

Macarıstanın Baş naziri Viktor Orban Ukraynada davam edən müharibənin yaxın gələcəkdə sonlanacağına dair proqnozlarını və Avropanın gələcək siyasi və iqtisadi vəziyyətinə fikriləri maraqla qarşılanıb. Onun bu məsələlər barədə dedikləri yalnız müharibənin gedişatını deyil, həm də Avropanın gələcək inkişafına təsir göstərə biləcək bir çox mühüm məsələləri ehtiva edir. Orbanın səsləndirdiyi tezislər müasir beynəlxalq münasibətlərin, eləcə də Avropanın siyasi gələcəyi ilə bağlı mühüm əhəmiyyət daşıyır.

Viktor Orban Ukraynadakı müharibənin 2025-ci ildə sona çatacağına dair proqnoz verir. Onun fikrincə, bu müharibə ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhv olması ilə başa çatacaq. Lakin vəziyyət onu göstərir ki, müharibə hələ davam edəcək. ABŞ və Avropa İttifaqı bu məsələdə qeyri-konstruktiv mövqeni davam etdirdikcə, xüsusilə də Ukraynanın tərəfini saxlayıb, əslində daha çox qızışdırıcılıq mövqeyinə sadiq qalmaqla vəziyyəti daha dəhşətli nəticələrə sürükləyirlər. Belə olan təqdirdə də münaqişəni yalnız diplomatik yolla nizama salmaq mümkün olmayacaq.

Macarıstan hökumətinin başçısı ABŞ və Avropa İttifaqının Ukraynadakı müharibəyə təxminən 300 milyard avro xərclədiyini qeyd edir. Onun fikrincə, bu məbləğ Avropanın həyat səviyyəsini sürətli inkişafına sərf oluna bilərdi. Orban buj fikrində haqlıdır. Çünki Avropa ölkələrinin də öz problemləri var və bu problemlərin həlli ciddi maliyyə vəsaiti tələb edir. Avropa İttifaqının üzv ölkələrin pulları hesabına formalaşmış büdcədən milyonlarla avro vəsaiti məhz müharibə xərclərinə yönəltməsi Viktor Orbanın timsalında macar xalqı tərəfindən hər zaman etirazla qarşılanıb. Demək olmaz ki, bu yanaşma Avropanın digər xalqlarının maraqlarına xidmət edir və yaxud almanlar, fransızlar, yaxud da polyaklar onlara məxus pulların Ukraynada havaya sovrulmasından razıdır. Onlar da saysız-hesabsız problemləri olan Avropanın 300 milyard avroluq vəsaitinin silahlara xərclənməsindən narazıdır. Bu mənada Viktor Orban bu qədər vəsaitin Avropanın iqtisadi-sosial inkişafına xərclənməsi fikrində tamamilə haqlıdır və bu sözləri ilə ədalətli yanaşma nümayiş etdirir. Çünki müharibə bir qədər də davam etsə bu, Avropanın iqtisadi çətinliklərini daha da dərinləşdirəcək.

Artıq Ukraynanın bütün infrastrukturu, nəqliyyat və enerji sistemləri dağıdılıb, milyonlarla insan ölkəni tərk edib. Bu vəziyyətin aradan qaldırılması, Ukraynanın yaxın gələcəkdə iqtisadi cəhətdən özünü təmin edə bilməsi indi həmişəkindən daha mümkünsüz görünür. Ona görə də Viktor Orban Avropanın Ukraynanın bərpası üçün daha çox resurs ayırmasının nə dərəcədə doğru olduğunu soruşur, eyni zamanda Ukraynanın bu ağır vəziyyətdən çıxması üçün diplomatik həllərin tapılmasının vacibliyini vurğulayır. Onun fikrincə, diplomatik həllin əldə olunması müharibənin davam etməsi ilə müqayisədə daha müsbət nəticələr verə bilər. Orban Avropanın müharibəyə hərbi müdaxiləyə fokuslanmaq əvəzinə, müharibənin siyasi həllinə yönəlməli olduğunu deyir. Onun bu yanaşması isə  müharibənin siyasi danışıqlar vasitəsilə sona çatdırılmasının daha effektiv və daha az dağıdıcı olacağına inamdan qaynaqlanır.

Orban Ukraynadakı vəziyyətin həlli üçün əsas ümidinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampda olduğunu bildirir. Onun fikrincə, Tramp müharibənin həllinə dair daha realist və sülhsevər bir yanaşma təqdim edə bilər. Bu, Orbanın Trampın əvvəlki prezidentlik dövründəki siyasətindən qaynaqlanır, çünki o, daha az xarici müdaxilə və daha çox diplomatik həllər tərəfdarı idi. Orban bununla onu deməyə çalışır ki, ABŞ-ın müharibədəki rolu yalnız hərbi dəstəkdən ibarət olmamalı, eyni zamanda münaqişənin diplomatik yolla həllinə yönəlməlidir.

Viktor Orbanın Rusiya-Ukrayna müharibəsi barədə dedikləri kifayət qədər məntiqlidir və rasional düşüncənin məhsuludur. O, cidd-cəhdlə hesab edir ki, bu müharibə Avropanın maraqlarından daha çox onun zəifləməsinə, maliyyə resurslarını itirməsinə gətirib çıxaracaq. Bütün qüvvəsini Rusiyanın məğlubiyyətinə yönəldən Avropanın ümid etdiyi qazanclar heç vaxt özünü doğrultmayacaq. Bunların nə qədər həqiqət olduğunu təbii ki, zaman göstərəcək. Amma bir fikir dəqiqdir ki, bu məsələlər barədə indi Avropada yüksək səslə danışan yeganə lider Macarıstanın baş naziri Viktor Orbandır.

MTM Analitik Qrup