RUSİYA PREZİDENTİ KORONAVİRUSLA BAĞLI VƏZİYYƏTƏ GÖRƏ ÖZÜNÜTƏCRİD REJİMİNƏ KEÇİB

Rusiya Prezidenti Vladimir Putin onun ətrafında koronavirusa yoluxma hallarının aşkarlanması səbəbindən özünütəcrid rejiminə əməl etməlidir.
“TASS”ın məlumatına görə, bunu Kremlin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, Vladimir Putin bu barədə Tacikistan lideri Emoməli Rəhmonla telefon danışığı zamanı məlumat verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, dövlət başçısının təmasda olduğu bir neçə nəfər koronavirusa yoluxub. Rusiya lideri bundan sonra test verib. “Prezident tamamilə sağlamdır”, – deyə Kremlin nümayəndəsi bildirib. Onun sözlərinə görə, özünütəcrid Putinin intensiv işləməsinə təsir göstərmir, o öz fəaliyyətini videokonfrans rejimində davam etdirir.
Rusiya Prezidenti bir gün əvvəl paralimpiyaçılarla söhbətində onun çevrəsində bir çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləmişdi.