“RUSİYA – İSLAM DÜNYASI: KAZANFORUM” BEYNƏLXALQ İQTİSADİ FORUMU ÖZ İŞİNƏ BAŞLAYIR

Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumuna start verilir.

Mayın 14-dən 19-dək keçiriləcək forumun əsas məqsədi Rusiya regionları ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin iqtisadi-ticari, elmi-texniki, sosial və mədəni əlaqələrinin möhkəmləndirilməsindən ibarətdir. Tədbirin proqramı Rusiya bölgələrindən, İƏT ölkələrindən və digər dövlətlərdən mütəxəssislərin iştirakı ilə 125 tematik sessiyadan ibarətdir.

Mayın 14-də XV Beynəlxalq İqtisadi Forum çərçivəsində “Kazan” aqrosənaye parkında “Kazan Halal Market” beynəlxalq halal məhsullar sərgisinin açılışı olacaq.

Mayın 16-da forum çərçivəsində islam maliyyələşdirməsi sahəsində ekspertlərin görüşü keçiriləcək. Elə həmin gün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində (BSM) “50 il irəliyə: Halal məhsul sənayesi üçün kadr hazırlığı sisteminin yaradılması” adlı sessiya, habelə “Halal standartları üzrə Muslim-Friendly-Service” sessiyası keçiriləcək.

Proqramda İƏT ölkələrinin Gənc sahibkarlar və Gənc diplomatlar forumları, gənc aşpazların turniri və digər tədbirlər yer alıb.

Mayın 17-də keçiriləcək plenar iclasda ekspertlər Rusiya və İƏT ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcək və Forumun nəticələrinə yekun vuracaqlar.