RUSİYA ERMƏNİSTANA UKRAYNA SSENARİSİ İLƏ BAĞLI RƏSMİ XƏBƏRDARLIQ ETDİ

Rusiya və Ermənistan arasında münasibətlər siyasi-diplomatik müstəvidə gərgin məcrada davam edir. Artıq gözlənildiyi kimi bu, iqtisadi sferada da əz əksini tapmaqda, Rusiyanın qeyd edilən istiqamətdə Ermənistana təsir vasitələrini tədricən işə salması müşahidə olunmaqdadır. Bütün bunlara paralel olaraq, Rusiya Ermənistanı digər kontekstdə də xəbərdar edir. Hər halda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dedikləri də bunun təzahürü hesab edilə bilər. Bu xüsusda Rusiya rəsmisinin aşağıda dedikləri daha çox diqqət cəlb edir: “Moskva ümid edir ki, Ermənistan Qərblə Rusiya arasında seçim edərək tərəfdaş axtarışında Kiyevin yolu ilə getməyəcək”.
Peskov jurnalistlərə Avropa İttifaqının Ermənistana 10 milyon avro dəyərində hərbi-texniki yardım göstərmək qərarını da şərh edərkən məsələyə məhz bu kontekstdən yanaşıb. Qeyd edək ki, bu günlərdə Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro məbləğində dəstək üçün ilk yardım paketini ayırıb. Bu yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialını artırmaqdır. Rəsmi Bakı artıq buna etirazını bildirib və baş verənlərin sülhə xidmət etmədiyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi də bunu xoş qarşılamır. Sözügedən qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Sülh Fondunu Müharibə Fondu kimi təqdim edib.
Bundan əlavə, Fransanın Ermənistanı silahlandırması Rusiyada da müsbət qarşılanmır, əksinə, Kremlin İrəvana qəzəbini artırır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu xüsusda bildirir: “Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir”. Ermənistan ərazisində ABŞ hərbçilərinin iştirakı ilə keçirilmiş təlimlər də Moskvada xoş qarşılanmır. Rusiyanı narazı salan məqamlardan biri də Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistanda fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Qərblə hərbi təmaslarını da dərinləşdirən Ermənistan əvvəlki kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakdan imtina edir.
Görünən odur ki, Rusiya Ermənistanın bu yanaşmasına artıq daha çox səbr etmək niyyətində deyil. Hesab olunur ki, Rusiyanın ərzaq təhlükəsizliyini əsas gətirərək, Ermənistandan meyvə-tərəvəz idxalını qadağan etməsi də bundan irəli gəlir. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Ermənistan hökumətinin Ərzaq Təhlükəsizlik Müfəttişliyinə ünvanladığı məktubda deyilir ki, apreldən iyunun əvvəlinədək ölkəyə Ermənistandan idxal edilən pomidor və almada icazə verilən normadan artıq pestisidin olduğu səkkiz hal aşkarlanıb. Bu səbəbdən Ermənistandan kənd təsərrüfatı məhsullarının ixracı dayandırılıb. Artıq bu qadağa Rusiya bazarından asılı on minlərlə erməni fermerə və istixana sahibinə təsir göstərir.
Bununla yanaşı, Rusiyanın Ermənistanda malik olduğu iqtisadi aktivlər və digər vasitələrlə də Ermənistana təsir edəcəyi istisna olunmur. Mümkün təsir vasitələrindən biri isə Ukrayna ssenarisidir. Hər halda bu mənada Dmitri Peskovun dedikləri təsadüfi xarakter daşımır.

MTM Analitik Qrup