
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bəri postsovet məkanında münasibətlər konfiuqrasiyası da ciddi transformasiyalara məruz qalıb. Mövcud vəziyyətdə Cənubi Qafqazda mövqeyini saxlamaq istəyən Kreml Azərbaycana qarşı getdikcə daha çox düşmənçilik siyasəti yürütməyə başlayıb ki, bu da Ukrayna hadisələri kontekstində özünü açıq şəkildə büruzə verir.
Öncə o məqama xüsusi diqqət edilməlidir ki, Rusiya ənənəvi olaraq Cənubi Qafqaza özünün “təbii təsir dairəsi” kimi baxır və ya buna çalışır. Amma real vəziyyət tamam fərqli mənzərəni üzə çıxarır. Məsələ burasındadır ki, SSRİ-nin dağılmasından bəri Kreml özünün hərbi və siyasi mövcudluğunu möhkəmləndirmək üçün regiondakı münaqişələrdən dəfələrlə istifadə edib və bura Qarabağ konflikti də daxil olub. Lakin Azərbaycanın 2020-ci ilin 44 günlük müharibəsində qələbəsi və bunun ardınca ərazi bütövlüyünü bərpa etməsi qüvvələr balansını, regionda mənzərəni kökündən dəyişdi. Azərbaycanın regionda lider mövqeyinin güclənməsi, Cənubi Qafqazın taleyini müəyyən edən əsas aktor qismində çıxış etməsi və Ermənistanla sülh prosesində mühüm uğurlara imza atması Kremli getdikcə daha çox qıcıqlandırır. Lakin Azərbaycanın imkanlarını, tərəfdaşlarının mövqeyini nəzərə alan Rusiya ölkəmizə qarşı hansısa birbaşa addım atmaq cəsarətində və qüdrətində deyil. Bu fonda şimal qonşumuz Azərbaycana qarşı getdikcə daha açıq müstəviyə keçən düşmənçilik siyasətini Ukraynada davam etdirir.
Ukraynadakı müharibə Azərbaycanla Rusiya arasında ciddi maraqlar fərqinin olduğunu üzə çıxarıb. Rəsmi Bakı ilk günlərdən dövlətlərin ərazi bütövlüyünə hörmətə əsaslanan prinsipial mövqe nümayiş etdirir. Ölkəmiz tərəfindən Ukraynaya göstərilən humanitar və enerji sahəsində dəstək təkcə Rusiya yox, bütün dünya ictimaiyyəti üçün mühüm siqnal oldu. Rusiya buna cavab olaraq Azərbaycana hansısa formada təzyiqlər göstərməyə can atır. Bu, Bakının “anti-Rusiya siyasətində” ittiham olunduğu Rusiya mediasında informasiya kampaniyalarından tutmuş diplomatik hücumlara, Azərbaycanın Qərblə əməkdaşlığına xələl gətirmək, Ukrayna ərazisində ölkəmizə bağlı enerji müəssisələrinə zərbə endirmək kimi müxtəlif müstəvilərdə özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Sonununcu halla bağlı insidentlərin sayı isə bugünlərdə artmağa başlayıb.
Qeyd edilməlidir ki, son günlərdə Rusiya yenidən Ukraynanın cənubundakı enerji infrastrukturunu hədəfə alır. Bu zaman Azərbaycanın SOCAR şirkətinin idarə etdiyi enerji obyektlərinə də məqsədyönlü şəkildə zərbə endirilir. Elə avqustun 18-nə keçən gecə Rusiya ordusu “Şahed” kamikadze dronları ilə Odessa vilayətində yerləşən SOCAR-ın neft bazasına zərbələr endirib. Birbaşa zərbələrdən sonra neft bazasında güclü yanğın başlayıb. Bütün çənlər, nasos stansiyası, operator otaqları, çəki və texniki konstruksiyalar zədələnib, hasar dağıdılıb. Bazada yanacaq anbarının həcmi 16 min kubmetrdən çoxdur. Bu, artıq cari ay ərzində ikinci hücumdur. Daha əvvəl avqustun 8-də SOCAR-ın neft bazası ruslar tərəfindən hücuma məruz qalıb. Avqustun 6-na keçən gecə də Rusiya Odessa vilayətində, Ukrayna-Rumıniya sərhədi yaxınlığındakı Ukraynanın qaz kompressor stansiyasına zərbələr endirib. Bu stansiya Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın maye qaz terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutdur. Həmin marşrut Azərbaycandan qaz almaq üçün istifadə edilir.
Bütün bunlar Rusiyanın Ukrayna ərazisində Azərbaycana bu və digər dərəcədə aidiyyatı olan enerji obyektlərini məqsədyönlü şəkilə zərbə hədəfinə çevirdiyini göstərir. Belə yanaşmanı Rusiya rəsmilərinin özlərinin açıqlamaları da təsdiq edir. Məsələ burasındadır ki, Ukraynada dörd ilə yaxındır davam edən müharibədə SOCAR-a məxsus infrastruktura heç vaxt hücum olmayıb. Amma indi vəziyyət dəyişir. Burada maraqlı nüans ondan ibarətdir ki, Rusiya Müdafiə Nazirliyinin iddialarına əsasən, rus ordusu Ukrayna ərazisinə zərbələr endirərkən, yüksək dəqiqlikli silahlardan istifadə edir. Başqa sözlə, bu, o deməkdir ki, ruslar hara atəş açdıqlarını dəqiq bilirlər. Rusiya Prezidenti Vladimir Putin də daim Ukraynada hər şeyin plan üzrə getdiyini bildirir. Beləliklə, bütün bunlar o anlama gəlir ki, Ukraynada SOCAR-ın infrastrukturunun vurulması bilərəkdən həyata keçirilir, vurulacaq obyektlər siyahısına salınır. Nəzərə alınmalıdır ki, SOCAR-ın Ukrayna ərazisində 60-a yaxın yanacaqdoldurma məntəqəsi, eləcə də bir neçə neft bazası var. Bunların da hədəf olacağı ehtimalı artır. Rusiya bunları qəsdən edir və Ukrayna ərazisində Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Odessa vilayətində yerləşən SOCAR-ın neft bazasına sonuncu hücum bunun faktiki göstəricidir. Elə Ukrayna Prezidenti Volodimir Zelenski də açıq mətnlə bildirir ki, Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən zərbə endirilib: “Bu, bizim münasibətlərimizə və enerji müstəqilliyimizə vurulan zərbədir. Bu, Rusiyanın tamamilə nümayişkaranə və sinik zərbəsi idi… Məhz buna görə Rusiya bu müharibədən ötrü heç bir güzəşt almamalıdır. Müharibəyə son qoyulmalıdır. “Dayan” sözünü məhz Moskva eşitməlidir”.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da eyni mövqeni sərgiləyir. Onun sözlrinə görə, Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına artıq ikinci dəfə zərbə endirib: “İşğalçı ölkə bunu bilərəkdən, Azərbaycanın maraqlarına zidd olaraq edir. Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavabların verilməsinin zəruriliyini nümayiş etdirir”. Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk da Odessada SOCAR-a məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən zərbə endirildiyini bildirir.
Rusiyanın Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə hücumlarına rəsmi Bakının reaksiyasını Rusiyada yaxşı bilirlər. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 10-da Volodimir Zelenski ilə telefon danışığında bu mövqe bir daha açıq şəkildə ifadə edilib. Həmin telefon danışığı əsnasında tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Rusiya ərazisində Azərbaycan diasporuna, iş adamlarına qarşı da repressiv metodlara əl atmaqla, media məkanında qarayaxma kampaniyası aparmaqla ökəmiz əleyhinə mövqe sərgiləyir. Görünən həm də odur ki, Ukrayna müharibəsi fonunda Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti Kremlin ənənəvi imperiya strategiyasının davamıdır. Lakin Rusiyanın hərəkətləri yalnız Azərbaycanın xarici siyasət və iqtisadi əlaqələrinin şaxələndirilməsi prosesini sürətləndirir. Bu gün Bakı təkcə regional lider deyil, həm də enerji və nəqliyyat təhlükəsizliyində Qərb üçün mühüm tərəfdaşdır. Belə bir şəraitdə diplomatik, informasiya və hərbi təzyiqlərlə ifadə olunan Rusiya düşmənçiliyinin Kremlə uğur gətirməsi ehtimalı yoxdur. Əksinə, bu, Rusiyanın bölgədəki mövqeyini daha sürətlə sarsıdır. Perspektivdə Azərbaycanın da anti-Rusiya sanksiyalarına qoşulma ehtimalı Kreml üçün sarsıdıcı zərbə ola bilər. Azərbaycanın Kiyevin silah təminatında mümkün iştirakı isə Rusiyanın Ukrayna çöllərində bataqlığa sürüklənməsini sürətləndirmək iqtidarındadır.
MTM Analitik Qrup