
Rumıniya parlamentində yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ölkənin “qızıl viza” proqramını təqdim etməyi nəzərdə tutur.
Avropa İttifaqı hüdudlarından kənarda yaşayan şəxslər Rumıniyaya ən azı 400 min avro məbləğində sərmayə qoysalar 5 illik müddətə müvəqqəti yaşayış icazəsi ala biləcəklər.
Təşəbbüs müəllifləri bildirirlər ki, investisiyalar dövlət istiqrazları, daşınmaz əmlak və şirkət səhmləri kimi müxtəlif formatlarda ola bilər. Proqram investorların investisiyanı ən azı 5 il saxlama şərti ilə strukturlaşdırılıb.
Əlavə olaraq, bildirilir ki, müraciət edənlərin investisiyanın qanuni mənbələrə aid olduğunu sübut etməli, cinayət məsuliyyətində olmamalı və milli təhlükəsizlik riski daşımamalıdır. Proqram çərçivəsində yalnız investorlara deyil, onların ailə üzvlərinə də yaşayış icazəsi verilə bilər.
Qeyd edək ki, bu təşəbbüs hələ parlamentdə ilkin mərhələdədir və qanun qəbul edilərsə Rumıniya 2026-cı ildən “qızıl viza” proqramını rəsmi tətbiq etməyi planlaşdırır.