“RTS” TELEKANALI: SERBİYA AZƏRBAYCANIN ENERJİ RESURSLARININ BU ÖLKƏYƏ MÜMKÜN İDXALINA ÜMİD BƏSLƏYİR

Serbiyanın “RTS” radio-televiziya kanalında Azərbaycanın enerji resurslarının bu ölkəyə mümkün idxalının əhəmiyyətindən bəhs edən reportaj yayımlanıb.

Reportajda zəngin enerji ehtiyatlarına malik Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın mövcud olduğu bildirilir. Qeyd olunur ki, iki ölkə arasında bu vaxtadək 40-dan çox beynəlxalq müqavilə imzalanıb. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 56 milyon ABŞ dolları təşkil edib. Serbiya ilə Azərbaycan yol infrastrukturu sahəsində intensiv əməkdaşlıq həyata keçirir.

Videosüjetdə azərbaycanlı ekspertlərin fikirlərinə də yer verilib. Analitiklər hesab edirlər ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar 2024-cü ilin sonuna kimi bərpaolunan enerji mənbələrindən daha çox elektrik enerjisi əldə ediləcək. Bunun üçdəbir nisbətində olacağı proqnozlaşdırılır.

Vurğulanıb ki, Azərbaycanın zəngin potensiala malik olduğu sahələrdən biri də yaşıl enerjidir. Artıq Macarıstan, Rumıniya kimi bir çox Avropa ölkəsi Azərbaycan ilə yaşıl enerjinin istehsalı və nəqlinə dair əməkdaşlıq edir. Serbiya Azərbaycanın təbii qaz və elektrik enerjisi ilə bağlı böyük potensiala malik olduğunu görür və gələcəkdə bu resurslara ümid bəsləyir. İki ölkə arasındakı mövcud siyasi əməkdaşlıq, şübhəsiz ki, bu sahədə sazişlərin imzalanmasının, o cümlədən Azərbaycandan elektrik enerjisinin idxalı ilə bağlı danışıqların əsasını təşkil edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev kanalın jurnalisti ilə söhbətində bildirib ki, ölkələrimiz artıq keçid dövrünü geridə qoyub. Serbiya keçmiş Yuqoslaviyanın tərkibində özəl sektorda daha çoxşaxəli iqtisadi infrastruktura malik ölkə olub. “Digər mühüm məsələ isə beynəlxalq təhlükəsizlikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, beynəlxalq hüququn prinsiplərinə, xüsusən də ərazi bütövlüyünə hörmətdən asılıdır”, – deyə F.Şəfiyev qeyd edib.

Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında qaldığını xatırladan F.Şəfiyev beynəlxalq ictimaiyyətin ikili standartlara yol vermədən ərazi bütövlüyü prinsipinə əməl etməli olduğunu vurğulayıb. “Serbiya və Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Azərbaycanın həm Avropa İttifaqı, həm də Serbiya ilə çox yaxşı münasibətləri mövcuddur”, – deyə F.Şəfiyev bildirib.

Reportajda, həmçinin Serbiya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın perspektivləri də qeyd olunub. Bildirilib ki, rəsmi Bakı Balkan regionunu öz turistləri üçün maraqlı istiqamətlərdən biri kimi görür.