“ROSSİYA–KULTURA” TELEVİZİYASI QUBA VƏ QUSARDA QAFQAZ ALBANİYASI İLƏ BAĞLI FİLM ÇƏKİB

Məşhur rusiyalı videoblogger, “Predki naşix predkov” yutub kanalının sahibi Gennadiy Jiqarev “Rossiya–Kultura” televiziyasının çəkiliş qrupu ilə birgə Quba və Qusar rayonlarında Qafqaz Albaniyası ilə bağlı film hazırlayıb.

Filmin əsas çəkilişləri Qubanın Xınalıq və Qusarın Laza kəndlərində aparılıb.

Həmçinin Qusar şəhərindəki çörək sexində ləzgi mətbəxinin yeməyi olan şakukanın hazırlanma prosesi, Ləgər kəndində alban irsinin qalıqlarından sayılan kurqan və Qusar bazarı lentə alınıb. Çəkiliş qrupuna verilən müsahibələrdə Qafqaz Albaniyası və ləzgi xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələri haqqında ətraflı məlumat verilib. Çəkiliş qrupuna Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən dəstək göstərilib.

Filmin 2024-cü ildə öncə “Kultura” televiziyasında, daha sonra isə Gennadiy Jiqarevin yutub kanalında yayımlanması nəzərdə tutulub.