“ROSKOSMOS” AMERİKALI ASTRONAVTI YERƏ ENDİRƏCƏK

“Roskosmos” heç vaxt tərəfdaşlarına onun etibarlılığına şübhə etmək üçün əsas verməyib, amerikalı astronavt martın 30-da Rusiyanın kosmik gəmisi ilə Yerə qayıdacaq.
TASS informasiya agentliyinin xəbərinə görə, bu barədə “Roskosmos” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
“Amerikalı astronavt Mark Vande Hay martın 30-da Anton Şkaplerov və Pyotr Dubrovla birlikdə Rusiyanın “Soyuz MS-19” kosmik gəmisi vasitəsilə Yerə endiriləcək. “Roskosmos” heç vaxt tərəfdaşlarına onun etibarlılığına şübhə etmək üçün əsas verməyib”, – deyə mətbuat xidmətindən bildirilib. Qurum ekipaj üzvlərinin Beynəlxalq Kosmik Stansiyada təhlükəsiz çalışmasının “Roskosmos” üçün ən vacib məsələ olduğunu vurğulayıb.
Bir müddət öncə bəzi ABŞ KİV-ində Ukrayna ətrafında yaranan vəziyyətə görə tətbiq edilən sanksiyalar səbəbindən Rusiyanın amerikalı astronavt Mark Vande Hayı Yerə qaytaracağına şübhə ilə yanaşan materiallar dərc olunmuşdu.
Qeyd edək ki, martın 30-da Anton Şkaplerov, Pyotr Dubrov və ABŞ astronavtı Mark Vande Hayın “Soyuz MS-19” kosmik gəmisinin eniş aparatı ilə Yerə qaytarılması planlaşdırılır. Amerikalı astronavt Beynəlxalq Kosmik Stansiyada ötən il aprelin 9-dan işləyir.