İtaliyanın paytaxtı Romada, eləcə də Milan şəhərindəki metro stansiyalarda Xocalı soyqırımı ilə bağlı videoçarx yayımlanır.
Sosial aksiya Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilib.
Azərbaycan-İtaliya Birliyinin rəhbəri Fərid Abbasov müsahibəsində bildirib ki, ölkəmizin tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümündə belə bir aksiyanın İtaliyada keçirilməsi haqq səsimizin dünyaya çatdırılması və soyqırımın beynəlxalq aləmdə tanıdılması məqsədi daşıyır.
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq.
Məqsədimiz İtaliya ictimaiyyətinin diqqətini bir daha Xocalı qətliamına yönəltmək və soyqırımı qurbanlarının xatirəsini anmaqdır. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar”, – deyə F.Abbasov vurğulayıb.