
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Tramp yolu” adlandırılan regional nəqliyyat-logistika təşəbbüsü ilə bağlı son açıqlamaları, əslində, yeni siyasi analizdən çox, köhnə revanşist reflekslərin növbəti təzahürüdür. Köçəryan iddia edir ki, bu yol ABŞ-nin İrana qarşı planlarının tərkib hissəsidir, Vaşinqton Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir və layihənin Ermənistan üçün iqtisadi faydası yoxdur. Maraqlıdır ki, bir müddət əvvəl İranın Ermənistandakı səfirinin səsləndirdiyi fikirlər də eyni ritorikanı xatırladır. Lakin bu cür iddialar faktlara deyil, qorxu üzərindən qurulan siyasi manipulyasiyalara söykənir.
Əvvəla, TRIPP layihəsi Cənubi Qafqazda kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və regional ticarətin canlandırılması ideyasına əsaslanır. Bu ideya təkcə ABŞ-yə yox, Avropa İttifaqına, region ölkələrinə və hətta Çin kimi qlobal iqtisadi oyunçulara da sərf edir. Bu kontekstdə layihəni sırf hərbi və ya anti-İran təşəbbüsü kimi təqdim etmək siyasi naşılıqdır. ABŞ-nin Cənubi Qafqaz strategiyası uzun illərdir əsasən enerji təhlükəsizliyi, ticarət marşrutlarının təhlükəsizliyi və regional sabitlik üzərində qurulub. Ermənistan-İran sərhədinin “nəzarətə götürülməsi” kimi iddialar isə nə hüquqi, nə də siyasi baxımdan real görünür.
Robert Köçəryanın “layihənin Ermənistan üçün iqtisadi səmərəsi yoxdur” fikri də manipulyativdir. Ermənistan hazırda faktiki olaraq regional kommunikasiyalardan kənarda qalmış, tranzit imkanlarını itirmiş bir ölkədir. Nəqliyyat dəhlizlərinin açılması isə Ermənistanın tranzit ölkəyə çevrilməsi, yükdaşımalar, logistika və xidmət sektorunda yeni gəlir mənbələrinin yaranması, ölkənin iqtisadi blokadadan çıxmasına real imkanlar deməkdir. Bu faydaların inkar edilməsi, əslində, iqtisadi deyil, siyasi motivlidir. Çünki regional inteqrasiya Köçəryan kimi fiqurların təmsil etdiyi müharibə və qorxu üzərindən qurulan siyasətin sonu deməkdir.
İranın Ermənistandakı səfirinin oxşar bəyanatlarla çıxış etməsi də müəyyən dairələr tərəfindən məqsədli şəkildə şişirdilir. Halbuki İran üçün əsas məsələ sərhədlərin dəyişdirilməməsi və regionda xaosun yaranmamasıdır. Nə “Tramp yolu”, nə də digər kommunikasiya layihələri İran-Ermənistan sərhədinin ləğvini və ya nəzarətinin başqa ölkəyə verilməsini nəzərdə tutur. Əksinə, regional yolların açılması İran üçün də yeni ticarət marşrutları, Şimal-Cənub əlaqələrinin güclənməsi,
regional iqtisadi dövriyyədə daha fəal iştirak imkanı yarada bilər. Bu mənada “İrana qarşı layihə” tezisi daha çox daxili auditoriyaya hesablanmış siyasi şüardır.
Köçəryan və onun kimi revanşist siyasətçilərin əsas problemi layihənin geosiyasi mahiyyəti deyil. Onların qorxusu sülhün möhkəmlənməsi,
sərhədlərin açılması, Ermənistan cəmiyyətinin “xarici düşmən” mifindən azad olmasıdır. Çünki bu baş verdikdə, 90-cı illərin müharibə ritorikası, qorxu siyasəti və avtoritar legitimlik mexanizmi tamamilə iflasa uğrayır. Ona görə də “Tramp yolu” ətrafında aparılan müzakirələr göstərir ki, Ermənistanın siyasi səhnəsində hələ də keçmişin kölgəsində yaşayan qüvvələr var. Onlar regional inteqrasiyanı, iqtisadi rasionalizmi və sülh gündəmini təhlükə kimi təqdim etməyə çalışırlar. Lakin reallıq dəyişib: Cənubi Qafqaz artıq qapalı sərhədlər və daimi qarşıdurma məkanı deyil.
MTM Analitik Qrupu
