Rusiyanın Federasiya Şurası öz plenar iclasında ATƏT-in Parlament Assambleyasında RF nümayəndə heyətinin fəaliyyətinin və bu quruma üzvlük haqqının ödənilməsinin dayandırılması ilə bağlı bəyanatının layihəsini yekdilliklə qəbul edib. Bu barədə TASS agentliyi xəbər verir.
“Etiraf etməliyik ki, indiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanları tamamilə tükənib. Bununla əlaqədar Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiya Federasiyasının ATƏT PA-nın büdcəsinə üzvlük haqqının ödənilməsinin dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, – deyə sənəddə bildirilir.
Sənəddə qeyd olunur ki, öz xalqının iradə və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştiraka məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir.
“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları ATƏT PA-nın rəhbərliyi və bir sıra üzv dövlətlərin Avropa təhlükəsizliyinin aktual problemlərinin həllinə rusofob və ayrı-seçkilik yanaşmalarını nəzərdən keçirmələri şərti ilə ATƏT PA-da fəaliyyətə qayıtmağa hazır olduqlarını bəyan edirlər. Assambleyada sağlamdüşüncəli qüvvələrin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının məkanında siyasi və ideoloji böhranı qitədə sülh və sabitliyin maraqları naminə həll etmək üçün lazımi iradə nümayiş etdirəcəyinə ümidvarıq”, – deyə Rusiya parlamentariləri vurğulayıblar.
Bəyanatda qeyd olunur ki, ATƏT PA rəhbərliyinə və onun üzvlərinə bərabər parlamentlərarası dialoqa qayıtmaq üçün dəfələrlə edilən çağırışlar hələ də anlaşılmaz və adekvat cavabsız qalır.
“Rusiya nümayəndə heyətinin dəfələrlə müraciət və təkliflərinə baxmayaraq, ATƏT PA rəhbərliyinin prioritetləri göstərir ki, hazırda bu platforma konstruktiv fikir mübadiləsinə və birləşdirici gündəliyin formalaşdırılmasına şərait yaratmaq əvəzinə, Ukraynada baş verən hadisələrin səbəb-nəticə əlaqəsini qəsdən təhrif etmək də daxil olmaqla, anti-Rusiya kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi üçün siyasiləşdirilmiş alət kimi istifadə olunur. Qərəzli ayrı-seçkilik yanaşmaları, ikili standartlar və total rusofobiya, substantiv müzakirəyə, o cümlədən bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsinə dair aktual məsələlərə hazırlıqsız olmaq ATƏT PA-nın parlamentlərarası qarşılıqlı fəaliyyət mexanizmi qismində ifrat dərəcədə deqradasiyasına dəlalət edir”, – deyə senatorlar və deputatlar bildiriblər.
Parlamentarilər vurğulayırlar ki, Rusiyanın ATƏT PA-da nümayəndə heyəti uydurma bəhanələrlə dəfələrlə dialoqu davam etdirmək, habelə ATƏT PA-nın plenar iclaslarında və rəhbər orqanlarında tam və bərabərhüquqlu iştirak imkanından məhrum edilib. Xüsusilə, 2022-ci ildə Rusiya nümayəndə heyətinin üzvlərinə ATƏT PA-nın Birminhemdə keçiriləcək illik sessiyasında və Varşavada, 2023-cü ildə isə Vankuverdə keçiriləcək payız iclasında iştirak etmək üçün viza verilməyib. “Rusiya nümayəndə heyətinin bu tədbirlərə buraxılmaması ATƏT PA büdcəsinə ödənişlərin dayandırılması ilə bağlı yeganə mümkün qərarın qəbulunu əvvəlcədən şərtləndirib. Bu dayandırma onun üzvlərinin səsvermə hüququndan məhrum edilməsi üçün istifadə edilib, ölkəmizin nümayəndələrinin qərarların qəbulunda iştirakına maneçilik törədilib”, – deyə Bəyanatda bildirilir.
Senatorlar və deputatlar qeyd edirlər ki, Rumıniyanın ATƏT PA-nın 2024-cü ildə Buxarestdə keçiriləcək illik sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən nümayişkaranə şəkildə imtina etməsi yaradılan çıxılmaz vəziyyətin kulminasiya nöqtəsi oldu. Bəyanatda deyilir: “İştirakın dayandırıldığı müddət ərzində Assambleyanın reqlamentinə dəyişikliklə bağlı Rusiya nümayəndə heyətinə zərər vurmaq məqsədi daşıyan istənilən hərəkət hüquqi baxımdan etibarsız sayılacaq”.