Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 22-si saat 23:59 dək Mərkəzin internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xatırladaq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.