RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

İrlandiyanın Prezidenti Maykl Higginsdən:

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını İrlandiya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək günlər Azərbaycan xalqına sülh, əmin-amanlıq və səadət gətirsin”.

***

Moldova Respublikasının Prezidenti Maya Sandudan:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Moldova Respublikasının xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud xoş münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

Əminəm ki, müxtəlif sahələrdə Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək. Xalqlarımızın və dövlətlərimizin rifahı naminə ümumi səylərimizlə bu mühüm hədəfi reallaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul edin”.

***

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Bəhreyn Krallığının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm”.

***

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksadan:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Cənab Prezident, ölkələrimiz geniş bir regionda sülhü, təhlükəsizliyi, firavanlığı təşviq edən idealları və dəyərləri paylaşmaqda davam edir. Qoşulmama Hərəkatının sədri olaraq Sizin mahir idarəçiliyinizlə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli sıx əməkdaşlıq, dostluq münasibətləri davamlı olaraq inkişaf edir. İnanıram ki, yaxın gələcəkdə bu əməkdaşlıq iqtisadi cəhətdən vacib olan strateji tərəfdaşlıq sahələrində daha da güclənəcək.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik arzu edir, öz adımdan və Şri-Lanka xalqı adından böyük xalqınıza davamlı tərəqqi diləyirəm”.

***

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq”.

***

Seneqal Respublikasının Prezidenti Məkki Salldan:

“Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Sizinlə işləməyə hazır olduğumu bir daha təsdiq edirəm”.

***

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Paula-Mae Uiksdən:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.