RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Macarıstanın Prezidenti Yanoş Aderdən:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır, bu səbəbdən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam. Əminəm ki, qarşıdakı illər ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni perspektivlər açacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali vəzifənizdə yeni uğurlar diləyirəm”.

***

Polşa Respublikasının Prezidenti Andjey Dudadan:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizə, xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa ilə Azərbaycan arasındakı ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə toxunaraq Sizi əmin etmək istərdim ki, Varşava xalqlarımız üçün faydalı olan bütün əməkdaşlıq sahələrini əhatə edən münasibətlərimizin gələcək inkişafına hazırdır.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bir daha bütün Azərbaycan vətəndaşlarına təbriklərimi çatdırım”.

***

İraq Respublikasının Baş naziri Mustafa Al-Kazımidən:

“Zati-aliləri.

Sizi Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə İraq Respublikası Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasında yaxın dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıram.

Cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına və Hökumətinə tərəqqi və rifah arzulayıram.

Ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə, hökumətinizə və qardaş xalqınıza xeyir-bərəkət və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan və onların mənafeyinə xidmət edən qardaşlıq əlaqələrinin möhkəmləndirilməsini arzulayıram. Xalqımızın azadlığa və müstəqilliyə nail olması üçün onun qanuni hüquqlarına verdiyiniz həmrəylik dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və qardaş xalqınıza daim tərəqqi və firavanlıq arzulayıram.

Əziz qardaşım, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı, ürəkdən gələn təbriklərimi və gözəl arzularımı çatdırmaqdan böyük məmnunluq və fərəh duyuram.

Zati-alinizə ən xoş diləklərimi çatdırır, xalqınıza inkişaf və firavanlıq, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

***

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı, təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq və fərəh duyuram.

Zati-alinizə möhkəm cansağlığı və səadət diləyir, qardaş xalqınıza rifah və tərəqqi arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.