RESPUBLİKA FƏNN OLİMPİADALARI QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ KEÇİRİLİB

İyulun 14-də respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Xatırladaq ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.

Tədbirdə respublika fənn olimpiadaları üzrə qalib olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Mərasimdə respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.