REJİSSORLUQ İXTİSASINI SEÇƏNLƏR QƏBUL İMTAHANININ I MƏRHƏLƏSİ ÜZRƏ AZI 120 BAL TOPLAMALIDIRLAR

Rejissorluq ixtisasını seçən abituriyentlər qəbul imtahanının I mərhələsi (cari ilin abituriyentləri üçün buraxılış imtahanı) üzrə azı 120 bal toplamalıdırlar. Bu müsabiqə şərtini ödəyən abituriyentlər qabiliyyət imtahanı verib 6 və daha yuxarı bal toplamalıdırlar.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, rejissorluq ixtisasını seçən abituriyentlər üçün ixtisas üzrə 2 hissədən ibarət qabiliyyət imtahanı keçirilir: rejissor sənəti və aktyor ifaçılığı.

İmtahanın rejissor sənəti hissəsində abituriyentlər hər hansı bir bədii əsərin, film və yaxud tamaşanın təhlilini verir. Əsərin təhlili zamanı abituriyentin obrazlı düşüncə tərzi, müşahidəçilik və yaradıcılıq keyfiyyətləri, təsəvvür və müstəqil fikir yürütmə bacarığı, bədii materialın məzmununu açmaq qabiliyyəti, kinematoqrafik düşüncə tərzi, görmə və fikrini maddiləşdirmə qabiliyyəti, rejissorluq tarixinə və dramaturgiyaya dair məlumatlılığı, bilik dairəsi, dünyagörüşü və bədii zövqü qiymətləndirilir. İmtahanın aktyor ifaçılığı hissəsində abituriyent imtahan komissiyasının təklif etdiyi və ya özünün hazırladığı müxtəlif janrlı ədəbi əsərlərdən (şeir, təmsil, nəsr, dram və s.) parçalar, monoloqlar söyləyir, etüd göstərir.