
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin bu günlərdə açıqlanan mətni Cənubi Qafqazın gələcək siyasi arxitekturasını müəyyən edən tarixi sənəd kimi qiymətləndirilə bilər. Sənəd üzrə razılaşdırılan 17 müddəa sülh prosesinin hansı hüquqi mühüm prinsip və öhdəliklər üzərində qurulduğunu, eyni zamanda, tərəflərin vəzifə və öhdəliklərini dəqiq müəyyən etməklə, münaqişə səhifəsinin bağlanmasına tam təminat yaradır.
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış 8 avqust tarixli Birgə Bəyannamədən dərhal sonra “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin mətninin açıqlanması hər iki ölkənin ictimaiyyətində, eləcə də beynəlxalq arenada sülhün təmini şərtləri barədə dolğun təsəvvür yaratmaq, şəffaflıq, legitimlik və hesabatlılıq baxımından vacib addımdır. Sənədin mətni ilə tanışlıq təsdiq edir ki, postmüharibə dövründə Ermənistanla danışıqlar prosesi Azərbaycanın beynəlxalq hüquqa əsaslanmaqla irəli sürdüyü 5 mühüm şərt əsasında aparılıb. Perspektivdə imzalanması nəzərdə tutulan saziş layihəsi Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam edən münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun həlinə təminat yaratmaqla yanaşı, hansısa mübahisə və ziddiyyətlərin meydana çıxmasının da qarşısını bəri başdan alır.
Sazişin 17 müddəasının hər biri rəsmi Bakının beynəlxalq platformalarda irəli sürdüyü prinsipial yanaşmalara adekvatdır. Sənəddə suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması birmənalı şəkildə təsbit edilib. Qarşılıqlı olaraq ərazi iddialarından imtina, güc tətbiqi və güclə hədələməyin yolverilməzliyi, daxili işlərə qarışmamaq kimi vacib prinsiplərin sənəddə yer alması Azərbaycanın maraqlarına tamamilə cavab verir.
Diplomatik münasibətlərin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası üzrə birbaşa danışıqların aparılması, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin sərhəddə yerləşdirilməsinin yolverilməzliyi kimi müddəalar da Azərbaycanın dayanıqlı və qarşılıqlı etimada əsaslanan sülhü təmin etmək səylərinin göstəricisidir. Məsələ burasındadır ki, Ermənistanın postmüharibə dövründə ərazisində yerləşdirilmiş Avropa İttifaqı mülki missiyasının (EUMA) fəaliyyəti iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə mane olan, regionda sabitliyi təhdid edən əsas maneələrdən birinə çevrilib. Missiyanın məqsədinin “regionda sülh və sabitliyi dəstəkləməkdən ibarət olması” ilə iddiaların reallıqla uzlaşmadığını, Ermənistanın hərbi-siyasi niyyətlərinə xidmət etdiyini postmüharibə dövründə cərəyan edən hadisələr fonunda əminliklə söyləmək mümkündür. Digər tərəfdən, EUMA-nın fəaliyyəti rəsmi Bakının razılığı olmadan ötən il daha iki il müddətinə uzadılıb.
Rəsmi Bakı haqlı olaraq təxribatçı missiyanın fəaliyyətinə son qoyulmasını tələb edir. Ermənistanda regiondan kənar qüvvələrin hərbi kontingentinin mövcudluğu Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma meydanına çevirir. Bu vəziyyət həm də şərti sərhəd ərazilərdə hərbi gərginliyin artmasını tətikləyir, delimitasiya prosesinin normal aparılmasına mane olur. İki ölkə arasında qarşılıqlı anlaşma şəraitində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsi sadəcə pozuculuq fəaliyyətinə xidmət edir. Üçüncü ölkənin sərhəddə yerləşdirilməsi etimadsızlığın yaranmasına, Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizlik və hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Yekun sülh sazişinin imzalanmasından sonra Ermənistan bu qondarma missiyanı fəaliyyətinə son qoymalı olacaq.
Sənəd əsasında humanitar yönümlü öhdəliklər, xüsusilə də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, kütləvi məzarlıqlarda basdırılmış insanların qalıqlarının qaytarılması Azərbaycan üçün prinsipial məsələlərdəndir. Ermənistan tərəfi kütləvi şəkildə qətlə yetirərək ərazilərimizdə basdırılmış hərbçi və mülki şəxslər barədə məlumatları verməkdən imtina etməklə, beynəlxalq humanitar hüququ pozur, müharibə cinayətinə yol verir. Halbuki, Azərbaycan istər birinci, istərsə də ikinci Qarabağ müharibələri zamanı erməni əsir və girovlarla beynəlxalq konvensiyalar çərçivəsində davranıb. Təkcə onu demək lazımdır ki, tarixi Zəfərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə aparılan axtarışlar zamanı 1700-dək Ermənistan hərbçisinin nəşi tapılaraq qarşı tərəfə verilib. Sazişin imzalanması fonunda rəsmi İrəvanın bu məsələdəki qeyri-konstruktiv mövqeyinə son qoyulacaq, qarşı tərəf itkinlərlə bağlı məlumatları ölkəmizə təqdim etməyə məhkum olacaq.
Gələcəkdə sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiyanın yaradılması, mübahisələrin birbaşa məsləhətləşmə yolu ilə həlli məsələlərini əhatə edən müddəa isə rəsmi Bakının beynəlxalq vasitəçilərin təsirinin minimuma endirilməsi, prosesə tam nəzarətetmə siyasəti ilə uzlaşır. Eyni zamanda, sənəddə əvvəllər irəli sürülmüş bütün iddia, şikayət və iradların ləğvini nəzərdə tutan ayrıca müddəanın yer alması ölkəmizin münaqişə səhifəsini tamamilə bağlamaq, gələcəkdə beynəlxalq platformalarda hər hansı əsassız iddiaların baş qaldırmasına yol verməmək əzmini nümayiş etdirir.
Ümumilikdə, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsi göstərir ki, sülh prosesi rəsmi Bakının diktə etdiyi və beynəlxalq hüquqda təsbit edilmiş prinsiplərə əsaslanır. Bu yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən qurulmasına, çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasına etibarlı zəmin formalaşdırır.
MTM Analitik Qrup