REGİONDA KİBERTƏHLÜKƏSİZLİYİN DAHA SƏMƏRƏLİ TƏMİN OLUNMASI TDT-YƏ ÜZV ÖLKƏLƏR ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNİ ŞƏRTLƏNDİRİR

Regionda kibertəhlükəsizliyin daha səmərəli təmin olunması Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsini şərtləndirir.

Bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov Qazaxıstanın Almatı şəhərində keçirilən və 3 mindən çox yerli və xarici mütəxəssis və ziyarətçinin iştirak etdiyi “KazHackStan 2023 – Turan 2023” konfransında sessiyada çıxış edərkən deyib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə tədbirdə iştirak edən AKTA sədri plenar sessiyada təqdimatla çıxış edərək? iştirakçıları Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi barədə məlumatlandırıb və kibertəhlükəsizliyin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması məqsədilə hüquqi, təşkilati və texniki sferalarda ölkəmizdə atılmış addımlar barədə məlumatlandırıb.

Ölkəmizin yeni qəbul olunmuş informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının əsas komponentləri, həmçinin beynəlxalq reytinqlərdəki mövqeyimiz, habelə müvafiq sahədə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə həyata keçirilmiş fəaliyyətə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə də, regionda kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin önəmi AKTA sədri tərəfindən qeyd olunaraq, bu istiqamətdə də artıq bir sıra dəstəkverici addımların atıldığı bildirilib.

Daha sonra E.Balacanov tərəfindən ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində əldə edilmiş təcrübəyə dair konfrans iştirakçılarının sualları cavablandırılıb.