“REGİONAL İNKİŞAF” İCTİMAİ BİRLİYİNİN FƏALİYYƏTİNİN 5 İLLİYİNƏ HƏSR OLUNAN TOPLANTI KEÇİRİLİB

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətinin 5 illiyi ilə əlaqədar RİİB əməkdaşları və könüllülərinin toplantısı keçirilib.

Tədbirdə könüllülərin ifasında hazırlanan Azərbaycan Dövlət Himni səsləndirilib, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və RİİB-in fəaliyyətindən, həyata keçirdiyi layihələrdən bəhs edən videoçarx təqdim olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 5 illiyi ilə bağlı tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktubunda “Regional İnkişaf” İctimai Birliyinin ötən 5 il ərzində ölkəmizin sosial həyatının demək olar ki, bütün sahələrində fəal iştirak etdiyini bildirib. “Könüllülük – xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi deməkdir. Siz bu ənənələrin yaşadılmasının, xalqımızın rifahı naminə təmənnasız işlərin bilavasitə iştirakçılarısınız. Məhz sizin kimi gənclərin sayəsində bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib”-deyə Heydər Əliyev Fondunun prezidenti qeyd edib. Məktubda RİİB təmsilçilərinin 44 günlük Vətən müharibəsi günlərində də cəbhəyə dəstək olaraq əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərdikləri vurğulanır, RİİB könüllüləri arasında da şəhidlərimizin olduğu təəssüflə qeyd edilir, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman övlad yetişdirmiş analara minnətdarlıq bildirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın RİİB əməkdaşları və könüllülərinə məktubunda daha sonra qeyd olunur: “Bu gün ərazi bütövlüyü bərpa olunmuş ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılmaqdadır. Əminəm ki, “Regional İnkişaf” İctimai Birliyi xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə aparılan işlərə öz töhfəsini vermək üçün bundan sonra da böyük əzmlə çalışacaqdır. Qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişsə də, əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalacaqdır”.
Toplantıda çıxış edən Anar Ələkbərov 5 il ərzində “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları ilə ölkə üzrə bir sıra layihələrin uğurla icra olunduğunu, gələcəkdə RİİB qarşısında mühüm vəzifələrin dayandığını qeyd edib. İctimai Birliyin ötən müddət ərzində əsas vəzifələrdən biri-vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin qurulması istiqamətində uğurlu mexanizmin yaradılmasına müvəffəq olduğu bildirilib.

“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin müasir dövrün “xüsusi təyinatlıları” kimi pandemiya zamanı, eləcə də Vətən Müharibəsi günlərində fəaliyyətinin, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Ruslan Ələsgərov və Günay Məmmədova RİİB-in həyata keçirdiyi layihə və aksiyalardan, müxtəlif sahələr üzrə icra olunan könüllülük proqramlarından danışıblar.Toplantıda RİİB əməkdaşları və könüllüləri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlanıb. Müraciətdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri adından böyük Zəfər, doğma Qarabağımızın işğaldan azad edilməsi münasibəti ilə təbriklər çatdırılır, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq, şəhidlərimizin ruhlarına ehtiram hissləri ifadə edilir. Heydər Əliyev Fondunun prinsiplərini rəhbər tutan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri bundan sonrakı fəaliyyətlərində də humanizm, mərhəmət, vətənpərvərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq ölkəmizin tərəqqisi naminə çalışacaqlarını bildiriblər.Daha sonra Vətən müharibəsində iştirak edən və İctimai Birliyin fəaliyyətində xüsusi fəallığı ilə fərqlənən RİİB könüllülərinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.