
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistandakı 102-ci hərbi baza ilə bağlı verdiyi açıqlama Rusiyanın Cənubi Qafqaz siyasətində diqqətçəkən hadisə kimi qiymətləndirilə bilər. Zaxarova bildirib ki, Rusiya Ermənistan tərəfindən hərbi bazanın çıxarılması ilə bağlı heç bir rəsmi siqnal almayıb və bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti anlayır ki, bu baza təkcə Ermənistan üçün deyil, bütün region üçün təhlükəsizlik elementidir. Bu bəyanat əslində təkcə hərbi-siyasi mülahizə deyil, həm də Moskvanın Cənubi Qafqazda zəifləyən mövqelərini saxlamaq üçün verdiyi siqnaldır.
Ermənistanla Rusiya arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvanın Moskva ilə ənənəvi yaxın münasibətlərində çatlar əmələ gəlib. Qərblə münasibətləri inkişaf etdirməyə çalışan Paşinyan hökuməti xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Moskvanın gözlənilən dəstəyi göstərməməsindən narazılığını açıq şəkildə ifadə edib. Bu kontekstdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibəti soyuyub, o təşkilatın heç bir tədbirinə qatılmayıb və ölkə müxtəlif beynəlxalq platformalarda Qərbə inteqrasiya istiqamətində addımlar atıb. Bundan əlavə, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığını dərinləşdirib, Avropa İttifaqının müşahidə missiyası adı altında Qərbin casus şəbəkəsini ölkəyə buraxıb və NATO ilə münasibətləri genişləndirmək cəhdləri nümayiş etdirib. Moskvanın narahatlığını artıran daha bir məqam Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsidir ki, bununla faktiki olaraq Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri mümkünsüz olub.
Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə imzalanan müqavilə əsasında Ermənistan ərazisində dislokasiya olunub. 2010-cu ildə bu müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Bu baza Ermənistan üçün Rusiya ilə təhlükəsizlik zəmanətinin ən konkret ifadəsi kimi qəbul edilirdi. Lakin indi Ermənistanın Rusiya ilə münasibətlərindəki etimad böhranı fonunda bu bazanın funksiyası və statusu sual altına düşüb. Zaxarovanın açıqlaması bu mənada həm “sakitləşdirici” mesaj, həm də dolayısı ilə xəbərdarlıqdır. Sanki o, Ermənistana “siz belə addım atsanız da biz hələlik onu gündəmə gətirməyəcəyik” deyir. Bu, həm də Ermənistan cəmiyyətində və siyasi elitasında parçalanmaya səbəb olan bir mövzunun təkrar Rusiya gündəminə gətirilməsidir.
Göründüyü kimi, Ermənistanın Rusiya ilə münasibətləri bir “müttəfiqlik paradoksu” yaradır. Bir tərəfdən, İrəvan Moskva ilə təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq tarixçəsinə malikdir. Digər tərəfdən, bu əməkdaşlıq xüsusilə son illərdə gözləntiləri qarşılamayıb. Bunun nəticəsidir ki, artıq ölkə sərhədlərinin böyük hissəsindən Rusiya sərhədçilərinin çıxarılması təmin olunub. Bu vəziyyət Paşinyan hökumətini alternativ axtarışlarına sövq edir. Lakin burada Ermənistan üçün asan seçim yoxdur. Rusiya bazasının çıxarılması təkcə Moskva ilə münasibətlərin daha da pisləşməsi deyil, həm də İrəvanın təhlükəsizlik vakuumuna düşməsinə səbəb ola bilər. Hərçənd Paşinyan Avropa və ABŞ ilə əməkdaşlığı gücləndirmək niyyətindədir, lakin bu qurumların bölgədə hərbi zəmanət verə biləcəkləri konkret plan yoxdur.
Onu da qeyd edək ki, Moskva üçün Gümrüdəki baza təkcə Ermənistan üzərində təsirin simvolu deyil, həm də strateji mövqedir. Cənubi Qafqazda baş verən dəyişikliklər, Gürcüstanın Qərbə yönəlməsi, Azərbaycanla münasibətlərin dəyişkən xarakteri və Ermənistanın da alternativ axtarışları Rusiya üçün bölgədəki mövcudluğunu sual altına salır. Bu şəraitdə hərbi baza Kremlin bölgədə qalan azsaylı dayaqlarından biridir. Zaxarovanın bəyanatı həm də onu göstərir ki, Rusiya öz hərbi bazasını yalnız Ermənistanın daxili siyasi qərarı kimi deyil, bütün regionda geosiyasi balansın elementi kimi görür. Bu isə o deməkdir ki, belə baza yalnız bir ölkənin istəyinə görə çıxarılmır və ya yerləşdirilmir. Bu, böyük güclərin geosiyasi planlarının bir hissəsidir.
Mariya Zaxarovanın açıqlaması yaxın perspektivdə Gümrüdəki bazanın çıxarılması ilə bağlı rəsmi təşəbbüsün olmayacağını göstərsə də, bu məsələ Ermənistan-Rusiya münasibətlərində “gizli mina” olaraq qalır. Ermənistan siyasi elitasında Qərbə yönəlmiş tendensiyalar güclənsə və Rusiya bölgədəki nüfuzunu daha da itirsə, bu məsələ yenidən gündəmə gətirilə bilər. Çox güman ki. gələcəkdə bu baza yeni funksional razılaşmalarla yenidən şərtləndirilə, Ermənistanda daxili siyasi dəyişikliklərdən asılı olaraq Rusiya ilə bağların daha da zəiflədilməsi kontekstində ləğv edilə bilər. Hər iki halda, bu məsələ sadəcə iki ölkənin münasibəti deyil, həm də İran, Türkiyə, Azərbaycan və Qərbin maraqlarının toqquşduğu geosiyasi düyünün bir parçasıdır.
MTM Analitik Qrup