“REAL ERMƏNİSTAN” İDEOLOGİYASI ERMƏNİ CƏMİYYƏTİNİN SÜLHƏ HAZIRLANMASINA XİDMƏT EDİR

Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında konkret layihə formatında irəli sürdüyü “Real Ermənistan ideologiyası”nın təbliğatı ilə şəxsən özü məşğul olaraq, keçirdiyi görüşlərdə bununla bağlı geniş məlumat verir, ictimai rəyi sülh prosesinə hazırlamağa çalışır. Oktyabrın 4-də İrəvanda yeni biznes mərkəzinin binasının açılış mərasiminə qatılan N.Paşinyan bir sıra məsələlərlə yanaşı, irəli sürdüyü ideologiyanın mahiyyətindən, onun regionda sülhün əldə edilməsi prosesində rolundan geniş söz açıb.

“Real Ermənistan” ideologiyası, əslində, postmüharibə dövründə Ermənistan hökumətinin cəmiyyətin yeni reallıqlara siyasi və psixoloji baxımdan uyğunlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü ideoloji layihədir. Bu ideologiyanın mahiyyətində daxili siyasi sabitliyi təmin etmək, beynəlxalq miqyasda Ermənistanın “reallıqla barışmış və sülhü seçmiş dövlət” obrazını formalaşdırmaq niyyəti dayanır. N.Paşinyan çıxışlarında “Real Ermənistan” ideyasını “həyatverici və sülhyaradıcı konsepsiya” kimi təqdim etməklə, əslində, xalqı Yekun Sülh Sazişinin vacibliyinə inandırmağa, uzun illər boyu ictimai düşüncəyə hakim kəsilmiş radikal-revanşist düşüncələrdən uzaqlaşdırmağa çalışır.

Bu ideologiya, ilk növbədə, Ermənistanın 2020-ci və 2023-cü illərdəki hərbi-siyasi məğlubiyyətlərinin doğurduğu siyasi zərurətin və dərin sosial sarsıntının nəticəsidir. Ermənistan cəmiyyətinin postmüharibə dövründə yaşadığı mənəvi və ideoloji boşluq hökuməti yeni ideoloji-siyasi istinad dayaqları axtarışına məcbur edib. N.Paşinyan açıq etiraf edir ki, cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, xüsusən də müharibə və itkilərin ağır yükünü daşıyan təbəqənin səsini dinləyərək yeni ideologiyanın hazırlanmasına qərar verib. Ermənistanın işğalçı siyasətinin səbəb olduğu müharibənin faciəvi nəticələrini taleyində yaşamış ermənilər daha rasional mövqedən çıxış edərək, regionda sabitliyin vacibliyini etiraf edir, hökumətin sülhyönümlü siyasət yürütməsini istəyirlər.

Bu kontekstdə əminliklə demək olar ki, “Real Ermənistan” ideologiyası Ermənistan üçün yeni dövrün ideoloji çərçivəsini müəyyənləşdirmək cəhdidir. Əgər 2020-ci ilədək Ermənistanın dövlət siyasəti “yeni ərazilər uğrunda yeni müharibə” kimi absurd ritorika üzərində qurulmuşdusa, ağır hərbi məğlubiyyətlərin doğurduğu çıxılmaz durum fonunda baş nazir N.Paşinyan bu siyasəti dəyişərək “barışıq, sabitlik və reallığın qəbul edilməsi” konsepsiyasını irəli sürür. Yeni ideologiya bir tərəfdən məğlubiyyəti ideoloji əsaslandırmağa, digər tərəfdən Ermənistanı təcrid vəziyyətindən çıxarmağa, regional əməkdaşlıq mühitinə inteqrasiyasına xidmət edir.

2020-2023-cü illərdə Ermənistan daxilində cərəyan edən mürəkkəb siyasi proseslər bu transformasiyanın zəruriliyini bir daha sübut edib. İkinci Qarabağ müharibəsindən sonra cəmiyyətin müəyyən hissəsi “qisas” və “itirilən torpaqların qaytarılması” kimi absurd çağırışlara, revanşizmə sürüklənmişdi. Fəqət, Azərbaycanın yürütdüyü uğurlu diplomatiya və hərbi-siyasi təzyiq üsulları mövcud geosiyasi reallığın dəyişməsinin mümkünsüzlüyünü bir daha sübuta yetirdi. Xüsusən də lokal antiterror tədbirlərindən sonra Ermənistan cəmiyyəti anladı ki, Azərbaycanın konstruktiv mövqeyi beynəlxalq birlik tərəfindən də dəstəklənir. Belə bir şəraitdə “Real Ermənistan” ideologiyası daxili təlatümləri azaltmaq, cəmiyyəti qonşulara qarşı ərazi iddiaları düşüncəsindən uzaqlaşdırmaq məqsədinə xidmət edir.

N.Paşinyanın son zamanlar tez-tez səsləndirdiyi “Sülh ikitərəfli prosesdir” fikri də Ermənistan diplomatiyası üçün mühüm yenilik hesab oluna bilər. Əgər son illərə qədər Ermənistan rəhbərliyi sülh anlayışını birtərəfli, öz maraqlarına uyğun şəkildə təqdim edirdisə, son iki ildə güzəştlərin, reallıqları qəbul etməyin, qonşularla konstruktiv münasibətlərin vacibliyi fikri təşviq edilir.

“Real Ermənistan” ideologiyası, eyni zamanda, bu ölkənin uğursuz xarici siyasətini yenidən müəyyənləşdirmək cəhdidir. N.Paşinyan bu ideologiya vasitəsilə ölkəsini Rusiyanın asılılığından uzaqlaşdıraraq, Qərbyönümlü siyasi sistemin bir hissəsinə çevirmək niyyətini gizlətmir. Son illərdə ABŞ və Fransa ilə siyasi əlaqələrin intensivləşməsi, NATO ilə əməkdaşlığın genişləndirilməsi məhz bu siyasətin tərkib hissəsidir. Ermənistanın baş naziri yeni geosiyasi xəttin ideoloji əsaslandırmasına çalışır.

Qeyd etmək lazımdır ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra bu ölkədə revanşist qüvvələrin iflası sürətlənib, ictimai diskursda sülh və əməkdaşlıq tezisləri önə çıxıb. Hökumətin sülh gündəminə qarşı etirazlar əvvəlki kimi intensiv və kütləvi xarakter daşımır. Bu vəziyyət göstərir ki, hökumət cəmiyyətin həlledici hissəsini reallıqla barışmağın zəruriliyinə inandıra bilib.

Ermənistan parlamentinin ötən həftə 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmalarını dəstəkləyən bəyanatı da yeni ideologiyanın praktik təsirini nümayiş etdirir. Həmin bəyanat Ermənistanın sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi fundamental məsələlərdə öhdəliklərini təsdiqləyib. Bu faktiki olaraq, N.Paşinyanın “Real Ermənistan” ideologiyasının dövlət siyasətinə çevrildiyini, onun parlament səviyyəsində legitimləşdiyini göstərir. Ermənistan artıq Zəngəzur dəhlizinin – TRIPP yolunun iqtisadi potensialını, regiondaxili əməkdaşlığın fürsət ola biləcəyini açıq etiraf etməyə başlayıb.

Bununla belə, Ermənistanın hazırkı Konstitusiyasında və dövlət simvollarında qonşu ölkələrə qarşı ərazi iddialarının mövcudluğu yeni ideologiyasının səmimiliyini şübhə altına alır. Rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, əgər rəsmi İrəvan doğrudan da sülh istəyirsə, konstitusiyasında dəyişiklik etməlidir. Əks halda, “Real Ermənistan” ideologiyası yalnız “gözdən pərdə asmaq” və siyasi manevr cəhdi kimi dəyərləndiriləcək. Bu ideologiyanın reallığa adekvatlığı və səmimiliyi yalnız konkret nəticələrlə – Yekun Sülh Sazişinin imzalanması, ərazi iddialarının hüquqi baxımdan ləğvi və qonşularla real əməkdaşlıq mexanizmlərinin formalaşması ilə ölçülə bilər.

MTM Analitik Qrup