RAVVİN ZAMİR İSAYEV: GÜCLÜ DÖVLƏT NAMİNƏ SEÇİMİMİZİ EDƏCƏYİK

Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində Azərbaycanın yəhudi mənşəli vətəndaşları da hər zaman olduğu kimi fəal iştirak edəcəklər. Azərbaycan Gürcü – Sefarad yəhudiləri dini icması növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını müsbət qarşılayır.

Bu fikirləri “secki-2024.az” saytına açıqlamasında Azərbaycan Gürcü – Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev deyib.

“Bu seçkilər ümumilikdə Azərbaycanın, o cümlədən cəmiyyətimizin, dövlətimizin daha da inkişafına öz töhfəsini verəcək”, – deyə ravvin əlavə edib.

Zamir İsayev Azərbaycanın qazandığı nailiyyətlərin uğurla davam etdiriləcəyinə inanır. Ravvin hesab edir ki, Azərbaycan dövləti qazandığı Zəfəri, uğurları qoruyub-saxlamaq gücündədir. Bu seçkilərdə də ölkə ictimaiyyəti daha güclü dövlət naminə öz seçimini edəcəklər.

O, sonda sədri olduğu icma üzvlərini seçkilərdə fəal iştiraka səsləyib.