“Hizbullah” hərəkatı İsrailin kiberhücumu nəticəsində ratsiyaların (xüsusi rabitə qurğuları) partlaması zamanı 20 üzvünün həlak olduğunu bildirib.
Bu barədə hərəkatın sosial media hesabında yerləşdirilən kommünikedə deyilir. “Hizbullah” üzvlərinin hansı şəhər və rayonlarda həlak olduğu qeyd olunmur, eləcə də hadisə zamanı yaralanan döyüşçülərin sayı barədə məlumat verilmir.
Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi ölkədə rabitə cihazlarının partlaması nəticəsində həyatını itirənlərin sayının 20 nəfərə yüksəldiyini, 460 nəfərin yaralandığını bildirib.
Təkrarlanan kiberhücumun gedişində Icom IC-V82 portativ ratsiyaları, litium-ion batareyaları və günəş panelləri olan smartfonlar və digər qurğular partlayıb.
Reuters agentliyinin məlumatına görə, ratsiyalar Hizbullah tərəfindən təxminən beş ay əvvəl alınıb.