RƏSMİ İRƏVANIN SÜLH BƏYANATLARI REAL-SİYASİ-HÜQUQİ ADDIMLARA ƏSASLANMIR

Yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü haqlı tələblərə əməl etməkdən müxtəlif vasitələrlə yayınan rəsmi İrəvan bu mövzuda siyasi manipulyasiyalarını davam etdirir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın mayın 14-də Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında çıxışı zamanı ölkəsinin sülh sazişini “dərhal imzalanmağa hazır olması” barədə səsləndirdiyi fikirlər də bunun əyani sübutudur.

Azərbaycan regionda sülhün, sabitliyin təmin olunması, kommunikasiyaların açılması, qarşılıqlı etimad və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində daim konstruktiv mövqe nümayiş etdirib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, iki ölkə arasında dayanıqlı, uzunmüddətli sülh, sabitlik, qarşılıqlı etimad mühiti yalnız tərəflərin birmənalı, hüquqi və siyasi öhdəlikləri tam şəkildə pzündə ehtiva edən yekun sazişinin imzalaması ilə mümkündür. Ermənistandan fərqli olaraq, ölkəmiz yarımçıq, qeyri-müəyyən sülh sazişində maraqlı deyil və bunun üçün haqlı səbəbləri tarixi təcrübə, regional reallıqlar və milli təhlükəsizlik maraqları ilə şərtlənir.

Son illərdə Ermənistan rəsmiləri sülhə hazır olduqlarını formal olaraq dəfələrlə bəyan etsələr də, bu ölkənin Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə zidd müddəalar hələ də qüvvədə qalır. Rəsmi Bakının konstitusiya dəyişikliyi tələbi onunla şərtlənir ki, Ermənistan Konstitusiyasının preambulasında 23 avqust 1990-cı ildə imzalanmış və Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddialarını özündə əks etdirən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu isə BMT Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində tanınmış beynəlxalq hüquq prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir.

Üstəlik, ATƏT-in Minck qrupu kimi fəaliyyətiz, amorf qurumun ləğvi məsələsində destruktiv mövqe nümayiş etdirən rəsmi İrəvan sərhəd təxribatlarını davam etdirir, diplomatik arenada Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli fəaliyyətə yol verir. Belə bir vəziyyətdə imzalanacaq hər hansı sülh sazişinin real nəticə doğurmayacağı, lazımsız kağız parçası olacağı birmənalıdır. Azərbaycan isə belə formalizmi haqlı olaraq qəbul etmir, Ermənistanın sülh istiqamətində real addımlar atmasını tələb edir.

Regiondakı aktual çağırışlar da iki ölkə arasında real əsaslara söykənən, gələcəkdə hansısa sual, ziddiyyət doğurmayan yekun sülh sazişinin imzalanmasını zəruri edir. Belə ki, yekun sülh sazişi təkcə Ermənistanla münasibətlərin normallaşdırlması deyil, həm də regionda yeni əməkdaşlıq modellərinin qurulması üçün real əsaslar yaradacaq. Son illərdə Azərbaycan, Türkiyə və bir sıra region dövlətləri “3+3” formatında əməkdaşlıqda, Zəngəzur dəhlizinin açılmasında, ticarət yollarının bərpasında maraqlı olduqlarını bəyan etsələr də, Rəsmi İrəvan qeyri-sabit siyasi davranışları ilə bu təşəbbüslərə ciddi xələl gətirir. Bu mənada, sülh sazişi regionda hərtərəfli əməkdaşlıq və inteqrasiya baxımından yetkin sənəd olmalı, hər hansı mübahisəli məqama yer qoymamalıdır. 

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan postmünaqişə dövründə sabitliyi yalnız hərbi güclə deyil, həm də beynəlxalq hüquqa əsaslanan diplomatik yollarla qorumaq niyyətindədir. Ermənistanla imzalanacaq sülh sazişi yalnız münaqişəyə hüquqi nöqtə qoymalı deyil, eyni zamanda, gələcəkdə dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə beynəlxalq hüquqi təminat yaratmalıdır. Bu komponentlər olmadan imzalanacaq istənilən yarımçıq sənəd “donmuş münaqişə” vəziyyəti yarada bilər.

Narahatlıq doğuran məqam həm də odur ki, Ermənistanın real davranışları verilən bəyanatlarla hər zaman ziddiyyət təşkil edib. Ararat Mirzoyanın sülh imitasiyası cəhdləri də beynəlxalq ictimaiyyəti çaşdırmağa, bu ölkənin üzərinə düşən məsuliyyətdən yayınmağa yönəlib. Bu cür populist açıqlamalar adətən beynəlxalq ictimaiyyətə, xüsusilə Qərb dairələrinə Ermənistanın “konstruktiv tərəf” kimi təqdim olunmasına hesablanıb. Bunlar həm də beynəlxalq təzyiqlərdən yayınmaq, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq, ölkəmizi “sülhdə maraqlı olmayan”, “sabitliyə mane olan tərəf tərəf” kimi təqdim etmək cəhdləridir.

Nəzərə almaq lazımdır ki, Ermənistan rəsmilərinin bu tip bəyanatları eyni zamanda daxili auditoriyaya hesablanıb. Nikol Paşinyan hökuməti özünün “sülh tərəfdarı” olduğunu göstərmək, radikal müxalifətin anti-sülh ritorikasının qarşısını almaq, müharibə xofu ilə yaşayan cəmiyyətdən dəstək almaq üçün beynəlxalq platformalardan istifadə edir. Bu çıxışlar həm də daxildəki təzyiqləri zərərsizləşdirmək, “diplomatik uğur” görüntüsü yaratmaq məqsədi güdür.

Ermənistanın daxilindəki siyasi və ictimai narazılıqları idarə etmək üçün rəsmi İrəvan həm də sərhəddə gərginlik yaratmaqla “xarici təhdid” məsələsini aktuallaşdırmağa çalışır. Atəşkəs pozuntularının “Azərbaycanın təcavüzü” kimi təqdim edilməsi də deyilənləri təsdiq edir. İrəvan bu yolla beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə, dəstək almağa və ölkəmizə qarşı təzyiq mexanizmlərini işə salmağa sadəlövh ümidlər edir. Məsələn, Avropa İttifaqı və ABŞ-dan yeni bəyanatlar almaq, Azərbaycanın haqlı mövqeyini kölgədə qoymaq üçün bu cür gərginliklərdən istifadə olunur.

Hazıda bəzi regional və qlobal güclər Cənubi Qafqazda tam sülhün əldə olunmasını istəmirlər. Çünki onlar bu halda regiona hərbi-siyasi təsirlərinin zəifləməsindən narahatdırlar. Bu baxımdan atəşkəs pozuntuları yalnız Ermənistanın deyil, bölgədə marağı olan xarici dairələrin planlarının tərkib hissəsi kimi də qiymətləndirilə bilər.

Rəsmi Bakı regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu məqsədlə Azərbaycan tərəfi bütün platformalarda səmimi, prinsipial mövqe nümayiş etdirir. Ermənistan mövcud geosiyasi reallıqları qəbul etməli, manipulyasiya siyasətindən imtina edərək, sülh istiqamətində konkret addımlar atmalıdır. Bu ölkənin “sülhə hazırıq” kimi mütəmadi təkrarlanan bəyanatları real siyasi, hüquqi addımlara əsaslanmadığı təqdirdə, rəsmi Bakı tərəfindən ciddi qəbul edilməyəcək.

MTM Analitik Qrup