RƏSMİ İRƏVAN YEKUN SÜLH SAZİŞİNİ SEÇKİQABAĞI MANİPULYASİYA ALƏTİNƏ ÇEVİRMƏYƏ ÇALIŞIR

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh və təhlükəsizliyin real təminatının hansısa üçüncü ölkə və təşkilatdan deyil, ikitərəfli, dayanıqlı sülhdən, ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasından, kommunikasiyaların açılmasından asılı olduğunu dəfələrlə bəyan edib. Rəsmi İrəvan bu reallıqları qəbul etsə də, öhdəliklərinin icrası istiqamətində addımlar atmır və prosesi uzatmaq yolunu tutur.

Bunun əsas səbəblərindən biri də Ermənistanın gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində olmasıdır. Aşkar görünür ki, bu ölkəyə rəhbərlik edən Nikol Paşinyan hakimiyyəti yekun sülh prosesinin imzalanmasını həmin seçkilərdən sonraya saxlamaqda, ictimai rəylə manipulyasiya etməkdə maraqlıdır. Məsələ bundadır ki, Ermənistanda cəmiyyətin həlledici qismi İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən, habelə Qarabağ separatçı rejiminin iflasından sonra Azərbaycanla qarşıdurmanın əhəmiyyətsiz olduğunu başa düşərək iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını istəyir. Bu reallıq öz təsdiqini hələ 2021-ci ilin yayında Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı – Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın yenidən qalib gəlməsi fonunda tapmışdı. Ötən illərdə müharibə və qarşıdurmanın Ermənistana yaxşı heç nə vəd etmədiyini bu ölkənin realist düşüncəli, praqmatik qüvvələri açıq etiraf ediblər. Aparılan sorğular da göstərir ki, Ermənistanda əhalinin həlledici qismi regional sabitlikdə maraqlıdır və yaxın keçmişdəki məğlubiyyətlərdən nəticə çıxaranlar çoxluq təşkil edir. Sülh prosesinə qarşı çıxanlar isə yalnız azlıq təşkil edən radikal-revanşist qüvvələr və müxalifətin Qarabağ klanının təmsilçiləridir ki, onlar da hər hansı real sosial bazaya malik deyillər.

Qeyd edilənlər fonunda Nikol Paşinyan hakimiyyəti sülh sazişi üzrə əldə olunan müsbət razılaşmalardan seçkiqabağı təbliğat məqsədilə yararlanmağa, müəyyən siyasi manipulyasiyalar etməyə çalışır. Baş nazir N.Paşinyanın son aylarda bölgələrə səfərləri zamanı Azərbaycanla Ermənistan arasında bir daha müharibənin olmayacağını, danışıqların pozitiv məcrada getdiyini, sülh sazişinin imzalanacağının xüsusi vurğulaması təsadüfi deyil. Erməni cəmiyyətinə ötürülən mesaj bundan ibarətdir ki, regionda sülhün əldə olunması və qalıcı xarakter daşıması üçün Nikol Paşinyan hakimiyyətinin 2026-cı ildə keçiriləcək seçkilərdə əhali tərəfindən dəstəklənməsi vacibdir. Əks halda, Ermənistan müstəqil dövlət kimi mövcudluğu, 29743 kvadratkilometr təşkil edən ərazisini qoruyub saxlamaq mümkün olmayacaq. Aşkar görünür ki, Ermənistan rəhbərliyi yeni müharibə xofu yaratmaqla ictimai dəstək qazanmağa çalışır.  

Ermənistan parlamentinin spikeri Alen Simonyanın yekun sülh müqaviləsinin mətnində yer alan 17 müddəanın hamısının razılaşdırılmasını “mühüm uğur” kimi təqdim etməsi də bu ölkədə qeyri-rəsmi seçkiqabağı təbliğatın başlandığını göstərir. A. Simonyanın ölkənin Tavuş vilayətinin Kirants (Güney) kəndi yaxınlığındakı sərhəd razılaşmasını “qələbə” adlandırması, eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiya prosesinin 1991-ci il tarixli Alma-Ata Bəyannaməsinə əsasən aparılmasını “diplomatik nailiyyət” kimi təqdim etməsi də deyilənlərin əyani təzahürüdür.

Cəmi iki il əvvələdək Qarabağda ikinci erməni dövlətinin yaradılması iddialarından əl çəkə bilməyən Ermənistan rəhbərliyi hazırkı “sülhpərvər” açıqlamaları cəmiyyətdə yeni müharibə xofu ilə təhdid etməyə hesablanıb. Ermənistan əhalisi ciddi sosial-iqtisadi problemlərə, diplomatik-siyasi uğursuzluqlara rəğmən, məhz yeni müharibə istəmədiyi üçün N.Paşinyan hakimiyyətinə dəstək verir. Hesab edilir ki, Ermənistanda radikal qüvvələrin hakimiyyətə gəlməsi yekun sülh sazişi ilə bağlı əldə olunan razılaşmaları poza bilər və belə bir ehtimal kifayət qədər realdır.   

Özünü daxili və beynəlxalq ictimai rəyə “sülhün və sabitliyin tərəfdarı” kimi təqdim edən rəsmi İrəvan əsassız bəhanələrlə Azərbaycanın bir sıra əsas tələblərinə hələlik əməl etmir. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra regionda qalıcı sülhün əldə edilməsi, sülh danışıqlarının uğurla yekunlaşması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin və ATƏT-in Minsk qrupunun ləğvinin mühüm şərtlər sırasında olduğunu bəyan edib. Lakin rəsmi İrəvan destruktiv yanaşma ilə hesab edir ki, bu şərtlərə yaxın perspektivdə əməl olunması, sülh sazişinin tez bir zamanda imzalanması onun gələn ilə nəzərdə tutlan seçkilərdəki manevr və təbliğat imkanlarını məhdudlaşıra bilər.

Ermənistan hakimiyyəti yeni konstitusiyanın 2026-cı ilin sonuna kimi hazır olacağını bəyan edir ki, bu da yaxın perspektivdə yekun sülh sazişinin imzalanmasının mümkünsüz edir. Bu ölkənin ədliyyə naziri Srbuhi Qalyanın konstitusiyasının yeni mətninin 10 aya hazır olacağını bildirməsi fonunda aşkar görünür ki, yekun müqavilənin imzalanması bu ölkədəki növbəti parlament seçkilərindən tez mümkün olmayacaq.  

Ümumiyyətlə, lokal antiterror tədbirlərindən sonrakı ilk aylarda müxtəlif əsassız iddia və bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən, prosesi yubatmağa çalışan Ermənistan Azərbaycanın uğurlu siyasi və diplomatik gedişləri qarşısında geri çəkilməli, yeni geosiyasi vəziyyətlə barışmalı olub. Ermənistan rəsmilərinin son aylardakı açıqlamaları sübut edir ki, qarşı tərəf Azərbaycanla yekun sülh sazişini imzalamaqdan savayı yolunun olmadığını, sülhün alternativsizliyini anlayır. Bunun nəticəsidir ki, aprel ayından etibarən Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin bütün müddəalarının razılaşdırılması istiqamətində praktiki addımlar atıb. 

Ermənistanın ali hüquqi sənədində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hələ də mövcud olduğu bir vəziyyətdə rəsmi İrəvanın özünü “sülh göyərçini” kimi göstərmək cəhdləri seçkilərə hesablanmış cılız siyasi manipulyasiyadır. Lakin buna baxmayaraq, bu ölkənin hansısa mərhələdə sülh danışıqlarını tormozlamaq, pozmaq imkanları da yoxdur. Rəsmi İrəvan başa düşür ki, Azərbaycanın suverenliyini bərpa etməsindən sonra əvvəlki səhvləri davam etdirmək,  regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etmək Ermənistan üçün ciddi itkilərə gətirib çıxara bilər.