RƏSMİ İRƏVAN SÜLH PROSESİNİN DÖNMƏZLİYİNİ ETİRAF EDİR

Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında Azərbaycanla sülhün daha da institutlaşdırılması prosesinə sadiqliyini bəyan etməsi, eləcə də “Trampın sülh və rifah marşrutu”nun – TPIPP-ın (Zəngəzur dəhlizi) qısa zamanda realladırılacağı ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda ikitərəfli və çoxşaxəli əməkdaşlıq mərhələsinin başlandığını deməyə əsas verir.

Bu açıqlama, ilk növbədə, Ermənistanın sülh yolundan geri çəkilməsinin mümkünsüzlüyünün, geriyə atılacaq hər hər hansı addımın ölkəni çıxılmaz böhrana sürükləyəcəyinin etirafıdır. Ermənistan baş naziri ABŞ Prezidenti Donald Trampın 8 avqust 20025-ci il tarixli Vaşinqton görüşünə dair yeni paylaşımına münasibət bildirərkən, sülh prosesinə sadiqliyini bir daha ifadə edib, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində birgə işləməyə hazır olduğunu bəyan edib.

İkinci Qarabağ müharibəsindən sonra konstruktuv danışıqlara mane yaradan və müxtəlif bəhanələrlə kommunikasiyaların açılmasına müqavimət göstərən Ermənistan hazırda bunun yanlış olduğunu bəyan edir, ictimai rəyi sülhə hazırlamağa çalışır. Xüsusən də 8 avqust Vaşinqton razılaşmalarından sonra ən müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər bəyan edirlər ki, Cənubi Qafqazda sülhün, sabitliyin təmini prosesi dönməz xarakter alıb və hansısa ölkənin buna maneə yaratması mümkün deyil. Əslində, N.Paşinyanın sosial şəbəkə hesabındakı açıqlaması da bu reallığın açıq etirafıdır.

Sülhün institutlaşdırılması, sadəcə, atəşkəsin təmin olunması, Yekun Sülh Sazişinin Paraflanması ilə məhdudlaşmır. Bu mənada, N.Paşinyanın son bəyanatları təkcə sülh prosesinə sadiqlik nümayişi deyil, həm də Ermənistanın daxili siyasi-hüquqi mühitində gözlənilən ciddi dəyişikliklərə işarə sayıla bilər. Diqqətçəkən məqam odur ki, N.Paşinyan Ermənistanda konstitusiyanın gələn il keçiriləcək referendumla dəyişəcəyinə, beləliklə, Azərbaycanın sonuncu şərtinin də reallaşmasından sonra iki ölkə arasında Yekun Sülh Sazişinin imzalanacağına əminlik ifadə edir. Məlumdur ki, hazırda qüvvədə olan Ermənistan konstitusiyasının pleamblua hissəsi revanşizmi və bu ölkənin qonşu ölkələrə qarşı ərazi iddialarını “tətikləyir”.

Son aylaradək Ermənistan baş naziri konstitusiya dəyişikliyi məsələsini daha çox “xalqın iradəsi”nə bağlamaqla, məsuliyyətdən yayınmağa çalışır, bunun hökumətin deyil, erməni cəmiyyətinin qərarından asılı olduğunu iddia edirdi. Lakin onun son açıqlamaları göstərir ki, artıq rəsmi İrəvam ictimai rəyə arxayındır və hökumətin yeni konstitusiya layihəsinin referendum zamanı dəstəklənəcəyinə inanır. Başqa sözlə, konstitusiya dəyişikliyi yalnız siyasi elitanın deyil, həm də erməni xalqının maraqlarına cavab verir.

Bu həm də sülh prosesinin geri dönməzliyinin rəsmi təsdiqi kimi dəyərləndirilə bilər. Yeni konstitusiyanın qəbulu Ermənistanın sülh prosesini sona çatdırmaqda qətiyyətli olması deməkdir. Bunsuz sülhə nail olmaq mümkün deyil – rəsmi Bakının prinsipial mövqeyi Ermənistana və dünyaya məlumdur. Rəsmi İrəvan bu zərurəti anlayır və beynəlxalq tərəfdaşlara sülh yolunda qətiyyətli olduğunu nümayiş etdirmək istəyir. Konstitusiya dəyişikliyindən sonra Ermənistan son 35 ildə ilk dəfə olaraq qonşularına qarşı ərazi iddialarından rəsmən imtina edən dövlət kimi çıxış edəcək. Bu isə regional sabitlik və ölkənin gələcək inkişafı baxımından zəruridir.

Ermənistan baş nazirinin TRIPP layihəsi – Zəngəzur dəhlizi ilə bağlı fikirləri də sülh və etimad quruculuğu baxımından əhəmiyyətli sayıla bilər. İkinci Qarabağ müharibəsindən sonra uzun müddət bu layihəyə qarşı çıxan Ermənistan onun regional əhəmiyyətini kölgə altına almağa çalışırdı. Halbuki, Azərbaycanın mövqeyi birmənalı və qəbul edilən idi: Ölkəmizdən Naxçıvana gedən yük və sərnişinlərin maneəsiz keçidi təmin edilməlidir. 8 avqusr tarixli Vaşinqton görüşü təsdiqləyib ki, bu tələb nə Ermənistanın dövlət suverenliyinə ziddir, nə də ərazi bütövlüyünə hansısa təhlükə yaradır. Beynəlxalq təcrübə göstərir ki, tranzit hüquqları dövlətlərin suverenliyi ilə ziddiyyət təşkil etmir. Rusiya ilə Kalininqrad arasında mövcud nəqliyyat əlaqələri buna ən bariz nümunədir. Litva ərazisindən keçən bu yol nəinki suverenlik üçün təhdid deyil, əksinə, Avropa İttifaqı ilə Rusiya arasında müəyyən balansı qorumağa imkan verir.

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistanla yanaşı, regionun digər dövlətləri, beynəlxalq güclər üçün vacibdir. Türkiyə, Rusiya, Çin, ABŞ və Avropa İttifaqı bu dəhlizi Orta Dəhlizin inkişafı baxımından strateji həlqə hesab edirlər. Çindən Avropaya quru yolla daşımaların şaxələnməsi, enerji marşrutlarının səmərəli idarə olunması və yükdaşımaların sürətlənməsi qlobal iqtisadi maraqlar kontekstində mühüm əhəmiyyətə malikdir. TRIPP layihəsinin reallaşması regional əməkdaşlıqla yanaşı, beynəlxalq iqtisadi inteqrasiyanı da gücləndirəcək.

Ermənistan bu layihənin iqtisadi əhəmiyyətini artıq etiraf edir. Əvvəla, TRIPP yolu vasitəsilə ölkə külli miqradda tranzit gəlirləri əldə edəcək. Nəqliyyat infrastrukturunun inkişafı yeni iş yerlərinin yaranmasına, qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafına təkan verəcək. İkincisi, region dövlətləri ilə iqtisadi əlaqələrin genişlənməsi Ermənistanın indiyədək asılı vəziyyətdə qaldığı bazarlardan qismən uzaqlaşmasına şərait yaradacaq. Hazırda Ermənistanın iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Zəngəzur dəhlizi açılandan sonra Ermənistan Türkiyə, Azərbaycan və digər region dövlətləri ilə birbaşa iqtisadi əməkdaşlıq imkanları əldə edəcək. Bu isə ölkənin xarici siyasət kursuna daha çox çeviklik qazandıra bilər.

Azərbaycan tərəfi sülh prosesinə hər zaman konstruktiv yanaşıb. Rəsmi Bakı regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı iqtisadi fayda prinsipinə əsaslanan əməkdaşlıq modelini təklif edib. Rəsmi Bakının irəli sürdüyü bütün təşəbbüslər beynəlxalq hüququn prinsiplərinə uyğundur və regional inkişafı hədəfləyir. Ermənistanın gec də olsa, sülh yolunu seçməsi region ölkələrinin maraqlarını uzlaşdırır və yeni layihələrin birgə reallaşdırılmasına imkan verir.

Bununla belə, rəsmi İrəvanın qarşısında hələ də müəyyən daxili və xarici maneələr mövcuddur: Cəmiyyətdə sülhə qarşı yönəlmiş revanşist düşüncələr, xaricdən bu prosesə əsassız müdaxilə cəhdləri tam aradan qalxmayıb. Lakin N.Paşinyan son açıqlaması ilə bu qüvvələrə mesaj göndərir ki, sülh yoluna alternativ yoxdur. Ermənistanın geriyə qayıtması ölkənin iqtisadi və siyasi mövqelərini çökdürər və intihara bərabər addım olar.

MTM Analitik Qrup