
Bakı şəhərində təxminən 67 min taksi fəaliyyət göstərir. Biz taksi işçilərinin iş saatlarının azaldılması, bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsi ilə onlar nə işindən, nə də qazanclarından məhrum olmayacaqlar. Bizim məqsədimiz taksilərin deyil, taksi gedişlərinin sayını azaltmaqdır.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, taksi aqreqatorlarının məlumatlarında gedişlərin çoxunun 1,5-3 kilometr məsafəyə olduğu görünür. Bu məsafəni ictimai nəqliyyatla, ya da ayaqla getmək mümkündür. “Biz əhaliyə yaşadığı yerlərdən ictimai nəqliyyatın keçməsini təmin edə bilərik. Bakı şəhərinin mərkəzində belə gedişlərin çox olduğunu görürük”, – deyə Rəşad Nəbiyev qeyd edib.
Nazir bildirib ki, dəyişikliyə əsasən, taksi sürücüləri əvvəl olduğu kimi 14-15 saat deyil, 8 saatlıq iş rejimində çalışacaqlar.
Beynəlxalq daşımalardan da danışan nazir İran və Türkiyə ilə bağlı yüklərin daşınması üzrə bəzilərinin bu sahəni özəlləşdirdiklərini bildirib. Qeyd edib ki, qanunvericiliyə dəyişikliklərlə bunun qarşısı alınacaq. “Şəffaflığı təmin etməklə Azərbaycanda beynəlxalq daşımaların 57 faiz yerinə yetirməsinə nail olduq, əvvəl isə bu rəqəm 30 faiz təşkil edirdi”, – deyə nazir vurğulayıb.