RƏHMAN HACIYEV: “QARABAĞIN RƏNGLƏRİ” LAYİHƏSİ XALQIMIZIN XEYRİYYƏÇİLİK ƏNƏNƏSİNİN TƏŞVİQİDİR

“Qarabağın rəngləri” layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəniyyətinin, Azərbaycan xalqının bu torpaqlardakı irsinin təbliği və xeyriyyəçilik ənənəsinin təşviqidir.

Layihə çərçivəsində gənc rəssamlar tərəfindən 19 rəsm əsəri və 4 heykəl olmaqla 23 incəsənət nümunəsi yaradılıb. Bu əsərlər layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb. Onları əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.

Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Artıq 22 əsərin satıldığını deyən R.Hacıyev qeyd edib ki, bununla bağlı Fonda 85 min manata yaxın ianə daxil olub. Onun sözlərinə görə, bu vəsait Ağdam şəhərindəki tarixi “İmarət” kompleksi abidəsinin bərpasına yönəldiləcək.

R.Hacıyev Qarabağın bərpası mövzusunun aktuallaşdırılması üçün bu layihənin çox yaxşı üsul olduğunu deyib.