RƏCƏB TAYYİB ƏRDOĞAN: QARABAĞLA BAĞLI ÜÇTƏRƏFLİ RAZILAŞMALARIN YERİNƏ YETİRİLMƏSİNİ YAXINDAN İZLƏMƏKDƏ DAVAM EDƏCƏYİK

“30 il öncə Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib.
R.T.Ərdoğan deyib ki, 3 ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, problemi daha da dolaşıq vəziyyətə gətirdilər.
“Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik”.