QUSARDA 6 YAŞAYIŞ MƏNTƏQƏSİNİ BİRLƏŞDİRƏN YOLLARIN ƏSASLI TƏMİRİNƏ BAŞLANILIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmirinə start verilib.

Agentlikdən bildirilib ki, uzunluğu 26,7 kilometr olan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.

12 kilometr hissəsi yararsız asfalt, 14,7 kilometr hissəsi isə çınqıl örtüklü olan yollarda hazırda torpaq işləri, hamarlanma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.