QURBAN YETİRMİŞLİ: İLK OLARAQ AĞDAM, CƏBRAYIL VƏ KƏLBƏCƏRDƏ SEYSMOLOJİ STANSİYANIN QURAŞDIRILMASI NƏZƏRDƏ TUTULUR

Azərbaycanda dünən növbəti dəfə zəlzələ olub.

Yeraltı təkanlar Zəngilan rayonunda 3 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri rayonun Yuxarı Yeməzli kəndi olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

Ümumiyyətlə işğaldan azad olunmuş rayonlarımızda seymoloji vəziyyət necədir? Məsələ ilə bağlı Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, işğaldan azad edilən ərazilər 9 ballıq zəlzələ zonasıdır.

O bildirib ki, erməni işğalına qədər Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmoloji stansiya var idi. Lakin işğal müddətində həmin stansiyalar dağıdılıb:

“Torpaqlarımz azad edildikdən sonra biz artıq həmin yerlərdə seysmoloji stansiyalar tikmək üçün fəaliyyətə başlamışıq. İlk olaraq Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmoloji stansiya quraşdırılması nəzərdə tutulur. Türkiyə bu məqsədlə Azərbaycana təmənnasız dərin quyu stansiyası verəcək. Həmin qurğunun Qarabağın hansı bölgəsində yerləşdiriləcəyini seçmək üçün Türkiyə nümayəndə heyəti mayda Azərbaycana gələcək”, – baş direktor deyib.

Qeyd edək ki, mərkəz tərəfindən 2025-ci ilə qədər Qarabağda 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.