QUBADLIDA YENİ YARADILAN HƏRBİ HİSSƏ SƏRHƏDLƏRİMİZİN ETİBARLI QORUNMASINA ŞƏRAİT YARADIR – HƏRBİ EKSPERT

Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı, kompleksin döyüş texnikası parkında müasir silah sistemlərinin mövcudluğu Azərbaycanın hərbi qüdrəti və sərhədlərinin etibarlı qorunmasına şərait yaradır.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Qubadlının Ermənistanla 120 km sərhəd olması Dövlət Sərhəd Xidmətinin üzərinə mühüm vəzifələr qoyur:

“Azərbaycan dövləti sərhədlərin bərpasına, təhlükəsizliyin təminatına kifayət qədər vəsait ayırır.

Dünyanın çox az ölkəsində Sərhəd Qoşunlarının bir neçə zərbə tipli pilotsuz uçuş aparatlarına malik olduğuna rast gələ bilərik. Hərbi hissənin tank əleyhinə qumbaraatanlar, idarə olunan raketlər, müxtəlif çaplı silah arsenalına malik Sərhəd Xidmətində olması gələcək mümkün təhdidlərin aradan qaldırılmasında böyük əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycan dövlətinin sərhədlərinə verdiyi əhəmiyyəti göstərir. Yeni hərbi hissədə şəxsi heyət üçün bütün şərait yaradılıb.

Bundan başqa həmin ərazilərdə yol infrastruktur layihələri də sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təminat, təhcizat, daşınma məsələlərinin vaxtında həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qubadlı-Xanlıq yolu işğaldan azad olunmuş ərazilərdə qoşunlarımızın daşınma və manevr imkanlarına müsbət təsir edəcək. Salınan bütün yolların hava limanlarına aparan yollara birləşdirilməsi isə bu daşınmaların daha sürətlə həyata keçirilməsini nəzərdə tutur.”