QUBADA YAŞAYAN DAĞ YƏHUDİLƏRİ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNİ EHTİRAMLA ANIBLAR

Qubada yaşayan dağ yəhudiləri torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən oğullarının xatirəsini ehtiramla anıblar.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Qırmızı qəsəbədəki “Giləki” sinaqoqunda anım tədbiri keçirilib.

Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının nümayəndələri şəhidlərimizin ruhuna dualar oxuyaraq, işğala son qoymaq üçün canından keçən həmvətənlərimizin xatirələrinə ehtiramlarını bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bildirilib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə Qafqaz regionunun ən güclü ordusu olduğunu göstərdi.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Muxaylov deyib ki, Vətən müharibəsində Azərbaycan xalqı, o cümlədən ölkəmizdə yaşayan bütün azsaylı xalqlar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə qarşı bütün cəbhələrdə mübarizə aparıb:

“Şəhid ailələri hər birimiz üçün əzizdir. Onların övladları Vətən və millət uğrunda şəhid olublar. Dağ yəhudiləri vətənləri olan Azərbaycanın uğrunda döyüşməyə və şəhid olmağa həmişə hazırdırlar. Hələ Birinci Qarabağ müharibəsində milliyyətcə yəhudi olan, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov işğal altındakı torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində də onun davamçıları düşmənə qan udduran qəhrəmanlar sırasında olublar”.