Avqustun 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə birlikdə ölkəmizdə səfərdə olan Belçikanın xarici işlər naziri Haccə Lhəbibi ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı şeyxülislam din xadimlərinin Uca Yaradan qarşısında daşıdıqları məsuliyyətdən çıxış edərək öz fəaliyyətləri ilə dindən siyasi məqsədlər üçün sui-istifadə olunmasına yol verməmək yönündə səy göstərdiklərini qeyd edib. Vurğulayıb ki, dünyada və bölgədə sülh, əmin-amanlıq və tərəqqi naminə, xalqların dinc birgəyaşayışı yolunda siyasi proseslərə dəstək vermək din xadimlərinin üzərinə düşən vəzifədir.
QMİ sədri qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparmaq vəzifəsini həyata keçirdi və 30 ilə yaxın davam edən erməni işğalına 44 günlük Vətən müharibəsində son qoydu. Dövlət rəhbərimizin ali iradəsi, qəhrəman Ordumuzun şücaəti ilə xalqımız tarixi ədaləti bərpa etdi. A.Paşazadə Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövrdə törədilmiş vandalizm aktlarından, Ermənistanda yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qaldığından, bir milyon insanın öz dədə-baba torpaqlarından zorla çıxarılmasından, qaçqın, məcburi köçkün həyatı sürməyə məcbur qalmasından, Xocalı şəhərində törədilmiş soyqırımından, bugünədək 4000 itkin düşmüş azərbaycanlının taleyinin indiyədək naməlum qalmasından danışıb. Eyni zamanda, ərazilərimizdə kütləvi insan məzarlıqlarının davamlı aşkarlanmasından, münaqişə dövründə və üçtərəfli Bəyanatdan sonra ermənilər tərəfindən basdırılan minalar səbəbindən yüzlərlə insanın ölməsi və ya əlil olmasından faktlarla bəhs edib. İşğal dövründə Azərbaycan torpaqlarında dini-mənəvi abidələrə qarşı həyata keçirilmiş vandalizm halları barədə, məscidlərin dağıdılması, həqarət olunması, xristian kilsələrinin mənşəyinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və s. haqqında geniş məlumat verib.
Şeyxülislam bildirib ki, dünya ictimaiyyəti, siyasilər, beynəlxalq təşkilatlar bu reallıqlara, azad olunmuş ərazilərimizə səfərlər zamanı öz gözləri ilə müşahidə etdikləri həqiqətlərə obyektiv yanaşma sərgiləməli, bəşəri ədalət mövqeyindən yanaşmalıdırlar. Etnik təmizləmə, soyqırımı kimi bəşəri cinayətlərin dünyanın heç bir nöqtəsində təkrarlanmaması, insan faciələrinin bir daha baş verməməsi üçün İlahi və insani ədalətin bərqərar olması, subyektiv deyil, obyektiv qiymətləndirmə, dünya ictimaiyyətinin qətiyyətli qınağı olduqca vacibdir.
O, 30 il müddətində Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək olaraq dini lider kimi əlindən gələni əsirgəmədiyini, bu məqsədlə 1988-ci ildən etibarən müxtəlif vasitəçilərlə fərqli beynəlxalq müstəvilərdə dəfələrlə erməni kilsəsinin rəhbərləri ilə görüşdüyünü, qonşu xalqlar arasında sülhün əldə olunmasına nail olmaq yönündə davamlı səy göstərdiyini deyib. Həmçinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilat və dini mərkəzlərə müraciətləri xatırladıb.
A. Paşazadə təəssüflə bildirib ki, hazırda erməni kilsəsi revanşizm çağırışlarının önündə gedir: “İstər Eçmiədzin, istərdə Kilikiya erməni kilsəsinin rəhbərləri erməni xalqını yenidən müharibəyə ruhlandırırlar, həmçinin Ümumdünya Kilsələr Şurası platformasında xristian təəssübkeşliyindən sui-istifadə edərək anti-Azərbaycan xarakterli sənədlər qəbul etdirmək üçün səy göstərirlər”.
QMİ sədri kilsənin fəaliyyətinin siyasiləşməsinin Ermənistan-Azərbaycan arasında sülhün imzalanmasına mane olduğunu və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəllədiyini xüsusi qeyd edib. Şeyxülislam deyib ki, Qarabağda yaşayan ermənilərin də tolerant Azərbaycanın multikultural cəmiyyətində öz layiqli yerini tutmasına Azərbaycan dövləti zəmanət verir.
Belçikalı nazir Haccə Lhəbibi Azərbaycanda müxtəlif dini mənsubiyyətli insanların belə bir harmoniya şəraitində birgə yaşamalarını müşahidə etməkdən məmnun olduğunu bildirib. Fərqli dini mənsubiyyət daşıyıcılarının belə bir mühitdə bir araya gəlməsində şeyxülislamın dəst-xəttinin olduğunu vurğulayan belçikalı nazir Cənubi Qafqazda sülhün əldə olunması üçün bu potensialdan istifadə olunmasının, dini liderlərin fəallıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib.
Qəbulda iştirak edən Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbər və nümayəndələri qonağı ölkəmizdə hökm sürən dinlərarası anlaşma və əməkdaşlıq mühiti barədə məlumatlandırıblar, dini icmalarının multikultural harmoniya şəraitində öz ibadətlərini həyata keçirdiklərini və dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını nümunələrlə belçikalı nazirin diqqətinə çatdırıblar.