QLOBAL NƏQLİYYAT LAYİHƏLƏRİ AZƏRBAYCANLA ÇİNİ STRATEJİ TƏRƏFDAŞA ÇEVİRİB

Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymaqla yanaşı, qarşılıqlı etimada və strateji maraqlara əsaslanan nümunəvi əməkdaşlıq modelinə çevrilib. Mövcud əlaqələr eyni zamanda qlobal və regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il iyulun 3-də ÇXR-in Sədri Si Cinpinlə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində imzaladığı “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərə yeni təkan olub. Sənəddə əksini tapan müddəalar iki ölkə arasında qarşılıqlı etimada əsaslanan siyasi, iqtisadi, mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsini təmin edir. Bəyannamədə ərazi bütövlüyü, suverenlik, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı və s. əməkdaşlıq prinsiplərinə sadiqlik xüsusi vurğulanıb. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini, Tayvanı ÇXR-in ayrılmaz hissəsi olduğunu tanıdığını, rəsmi Pekin isə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini növbəti dəfə təsdiqləyib. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəallığı, ÇXR-in BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması mövcud əməkdaşlığın siyasi əhəmiyyətini də şərtləndirir.

Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında ÇXR-ə reallaşan dövlət səfəri, inzalanan sazişlər münasibətlərdə dinamizmi daha da artırıb. Hazırda hər iki ölkə  səfər zamanı əldə olunmuş sazişlərin reallaşdırılması istiqamətində addımlar atır. Dövlət başçısının iyunun 10-da imzaladığı fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləməsi ikitərəfli münasibətlərin yeni fazaya keçidini təsdiqləyən addım biri kimi dəyərləndirilir. ÇXR-in də eyni qərarı qəbul etməsi ilə ölkələrimiz arasında münasibətlərdə qarşılıqlı etimad artıracaq, gediş-gəlişin asanlaşması bütün sahələrdə əməkdaşlığa yeni təkan verəcək. Vizasız rejim, ilk növbədə, iqtisadi-ticari, nəqliyyat, turizm, təhsil və mədəniyyət sahələrində əlaqələrin intensivləşməsinə imkan yaradacaq. İş adamlarının və investorların sərbəst səfərləri ikitərəfli biznes əlaqələrinin inkişafını stimullaşdıracaq.

Azərbaycanla Çin arasında strateji əməkdaşlığın dərinləşməsi istiqamətində daha bir mühüm addım atılıb: Prezident İlham Əliyevin 2025-ci il 20 iyun tarixli fərmanı əsasında bu il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ‘Kəmər və Yol’ Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiq edilib. Sözügedən əməkdaşlıq planı Azərbaycanın qlobal nəqliyyat və ticarət mərkəzinə çevrilmək istiqamətindəki strateji hədəfləri ilə Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün geoiqtisadi məqsədlərini uzlaşdırır. Sənədin təsdiqi fonunda ölkəmiz bu meqalayihəyə daha dərindən inteqrasiya edəcək, Asiya ilə Avropa arasında körpü rolunu gücləndirəcək.

 “Bir Kəmər, Bir Yol” təşəbbüsü 2013-cü ildə ÇXR Sədri Si Cinpin tərəfindən irəli sürülüb və Avrasiya məkanında iqtisadi, nəqliyyat və enerji sahələrində inteqrasiyanı hədəfləyən qlobal əməkdaşlıq platformasıdır. Tarixi İpək Yolunun yeni təzahürü kimi səciyyələndirilən layihənin əsas məqsədi ÇXR-lə Avropa arasında ticarət, logistika və iqtisadi əlaqələri genişləndirməkdir. Azərbaycan ilk gündən bu təşəbbüsün fəal tərəfdarlarından biri kimi çıxış edərək,  tranzit potensialını daha da gücləndirməyə çalışır. Ölkəmizin bu təşəbbüsdə fəal iştirakı regionda nəqliyyat-kommunikasiya şəbəkələrinin modernləşdirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı baxımından da əhəmiyyətlidir.

Azərbaycanın sənədi ratifikasiya etməsi ölkəmizin Orta Dəhliz layihəsində aparıcı rolunu daha da möhkəmləndirir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi infrastruktur layihələri “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əsas hədəfləri ilə uyğunluq təşkil edir. Mövcud infrastruktur yalnız nəqliyyat bağlantıları deyil, eyni zamanda yüklərin rəqəmsal nəzarəti, gömrük prosedurlarının sadələşdirilməsi, tranzit müddətinin azaldılması baxımından da əhəmiyyətlidir.

Otra Dəhliz Çin, Mərkəzi Asiya, Xəzər regionu, Cənubi Qafqaz və Avropa arasında ən qısa, təhlükəsiz nəqliyyat xəttidir. Dəhliz nəinki fiziki bağlantılar, həm də rəqəmsal inteqrasiya, enerji və informasiya mübadiləsi baxımından yeni platforma rolunu oynayır. Dəhlizin ötürücülük qabiliyyətinin artırılması, “Bir Kəmər, Bir Yol” layihəsi ilə əlaqələndirilməsi Azərbaycanın logistika gəlirlərini artırmaqla yanaşı, qlobal nəqliyyat sistemində etibarlı tərəfdaş imicini də gücləndirir. “Kəmər və Yol Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” da ölkəmizn ÇXR-in bu meqalayihəsinin reallaşmasına iqtisadi-siyasi dəstəyini ifadə edir. Azərbaycan bu prosesdə enerji resurslarının, alternativ yaşıl enerjinin Avropaya ötürülməsi üçün potensial daşıyıcı, tranzit ölkə statusunda çıxış edir.

Rəsmi Bakı bu layihələri yalnız iqtisadi mənfəət baxımından deyil, həm də geosiyasi sabitliyin, qlobal əməkdaşlığın əsas dayaqlarından biri kimi qiymətləndirir. Ölkəmizin Çinin bu təşəbbüsünə verdiyi töhfələr yalnız milli maraqlarına deyil, həm də regional sabitliyə, qlobal əməkdaşlığa xidmət edir.

MTM Analitik Qrup