
Dünya iqtisadiyyatında, ticarət dövriyyəsində getdikcə daha çox problemlər özünü göstərməkdə, bu da öz növbəsində ölkələrin maddi, sosial rifah halına təsir göstərməkdədir. Vəziyyətin daha da mürəkkəbləşməsinə təsir edən daha bir faktor iqlim dəyişikliyi, artan təbii fəlakətlərdir. BMT-nin bu barədə hazırladığı son hesabat təbii fəlakətlər üzündən qeydə alınan zərərin dəhşətli miqyasını üzə çıxarır.
Sənəddə qeyd edilir ki, təbii fəlakətlər bəşəriyyətə əvvəllər düşünüldüyündən 10 dəfə baha başa gəlir. Əvvəlki hesablamalar zəlzələ, sürüşmə və daşqın kimi təbii fəlakətlərin qlobal iqtisadi zərərinin ildə təxminən 200 milyard ABŞ dolları təşkil etdiyini göstərirdi. BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin qlobal risk təhlili və hesabatının rəhbəri Centi Kirş-Vudun sözlərinə görə, bu, zərərin yalnız bir hissəsidir və real rəqəm 2,3 trilyon ABŞ dollarına yaxındır.
BMT rəsmisi bildirib ki, fövqəladə hallar səhiyyə, təhsil və əmək bazarına getdikcə daha çox təsir edir və bu da bir sıra ölkələrdə dövlət borcunun artmasına, iqtisadiyyatda əlavə problemlərin yaranmasına səbəb olur. Nəticədə belə ölkələrdə sosial problemlər dərinləşir, ümumən isə bəşəriyyət getdikcə daha çox ekstremal iqlim hadisələri ilə üzləşir. BMT-nin məlumatına görə, son iki onillikdə təbii fəlakətlər səbəbindən qeydə alınan maliyyə itkiləri iki dəfə artıb. Kirş-Vud vurğulayır ki, iqlim fəlakətlərinin qarşısının alınması üçün atılan addımlar dövlətlərin yeni maliyyə və digər iqtisadi problemlərlə üzləşməsinin önlənməsi üçün də olduqca mühümdür.
Aparılan hesablamalar göstərir ki, 2014-cü ildən 2023-cü ilə qədər dünyada 240 milyona yaxın insan təbii fəlakətlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Çin və Filippinin hər birində 40 milyondan çox, Hindistan, Banqladeş və Pakistanda isə 10 ilə 30 milyon arasında iqlim problemləri səbəbindən köçkün var. Araşdırmalardan o da üzə çıxır ki, iqlim böhranı daha çox inkişaf etməkdə olan ölkələrə təsir edir. Məsələn, 2023-cü ildə Şimali Amerika 69,57 milyard dollarlıq birbaşa təbii fəlakət itkisinə məruz qalıb ki, bu da dünyanın hər hansı digər bölgəsindən çoxdur. Lakin bu, sözügedən ərazidə yer alan ölkələrin ÜDM-sinin cəmi 0,23 faizini təşkil edib. Müqayisə üçün qeyd edək ki, Mikroneziya Federativ Dövlətləri həmin dövrdə təbii fəlakətlər səbəbindən cəmi 4,3 milyard dollar itirib, lakin bu, ÜDM-nin 46,1 faizini təşkil edib.
Dünya iqtisadiyyatı üçün problem ancaq təbii fəlakətlərdən qaynaqlanmır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin yeni hesabatında deyilir ki, artan ticarət gərginliyi və siyasi qeyri-müəyyənlik də dünya iqtisadiyyatına ciddi ziyan vurur. Bu səbəbdən qlobal iqtisadiyyat indi təhlükəli vəziyyətdədir. Xüsusən də artan tariflər istehsal xərclərini yüksəltmək, qlobal təchizat zəncirlərini pozmaq və maliyyə qeyri-sabitliyi təhlükəsi yaradır. Ticarət və iqtisadi siyasətlərlə bağlı qeyri-müəyyənlik və qeyri-sabit geosiyasi mühit şirkətləri mühüm investisiya qərarlarını gecikdirməyə və ya azaltmağa məcbur edir. Bu, yüksək borc səviyyələri və ləng məhsuldarlıq artımı da daxil olmaqla, mövcud problemləri daha da gücləndirir və qlobal artım perspektivlərini sarsıdır. Qlobal ÜDM-nin artımının 2024-cü ildəki 2,9 faizdən indi 2025-ci ildə cəmi 2,4 faiz olacağı və BMT-nin bu ilin yanvar ayında əvvəlki proqnozundan 0,4 faiz bəndi aşağı olacağı proqnozlaşdırılır.
İqtisadi və Sosial Məsələlər Departamenti həmçinin qlobal artımın yavaşlamasını, yüksək inflyasiyanın və qlobal ticarət artımının 2024-cü ildəki 3,3 faizdən 2025-ci ildə 1,6 faizədək azalacağını proqnozlaşdırır. İqtisadi yavaşlama həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir edir. Məsələn, ABŞ-də artımın 2024-cü ildəki 2,8 faizdən 2025-ci ildə 1,6 faizədək kəskin şəkildə yavaşlaması proqnozlaşdırılır. Bu arada, yüksək tariflərin və siyasi qeyri-müəyyənliyin özəl investisiya və istehlaka təzyiq göstərəcəyi gözlənilir. Avropa İttifaqının zəif ixracat və yüksək ticarət maneələri fonunda 2025-ci ildə ÜDM-in 2024-cü ildə olduğu kimi bir faiz artacağı proqnozlaşdırılır. İstehlakçı əhval-ruhiyyəsinin zəifləməsi, ixrac yönümlü istehsalatda fasilələr və əmlak sektorunda davam edən problemləri əks etdirən Çinin artımının bu il 4,6 faizə qədər yavaşlaması gözlənilir. Braziliya, Meksika və Cənubi Afrika da daxil olmaqla bir sıra digər inkişaf etməkdə olan iqtisadiyyatlar da zəif ticarət, investisiya və əmtəə qiymətlərinin düşməsi səbəbindən daha yavaş inkişaf səviyyəsi yaşayırlar.
Qlobal inflyasiya 2023-cü ildəki 5,7 faizdən 2024-cü ildə dörd faizə düşsə də, bir çox iqtisadiyyatlarda qiymət təzyiqləri yüksək olaraq qalır. 2025-ci ilin əvvəlində inflyasiya ölkələrin üçdə ikisində pandemiyadan əvvəlki orta göstəricilərdən yuxarı olub. Hətta 20-dən çox inkişaf etməkdə olan ölkə ikirəqəmli inflyasiya ilə üzləşib. Bu vəziyyətdə ABŞ Prezidenti Donald Trampın başlatdığı “ticarət müharibəsi” artıq dünya şirkətlərinə 34 milyard dollardan çox ziyan vurub. “Reuters” agentliyi ziyanın artacağını bildirir, çünki Trampın tətbiq etdiyi idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik dünyanın ən böyük korporasiyalarında qərar qəbuletmə prosesini iflic edib. Bu arada Tramp Çini ticarət tarifləri ilə bağlı Cenevrə əldə edilən razılaşmasının bir neçə aspektini pozduğuna görə tənqid atəşinə tutub. Amma o, hansı pozuntuların baş verdiyini açıqlamayıb. Cenevrə razılaşması Pekin və Vaşinqton arasında ticarət tariflərinin qarşılıqlı azalmasına səbəb olub. Çinin Ticarət Nazirliyi Donald Trampın ticarət sazişini pozması ilə bağlı ittihamlarını rədd edib. Bildirilir ki, ABŞ ilə Cenevrədə aparılan danışıqlarda əldə olunan konsensusa Çin tərəfindən ciddi şəkildə əməl olunub. Müvafiq bəyanatda deyilir ki, Vaşinqton yalan ittihamlar irəli sürüb və əsassız olaraq Çini konsensusu pozmaqda ittiham edib. Bu durumda ABŞ və Çin arasında “ticarət müharibəsi”nin yenidən kəskinləşməsi və bunun da dünya iqtisadiyyatına mənfi təsirinin artması gözlənilir.
Dünyada baş verən münaqişələr də iqtisadiyyatı “boğmaqda” davam edir. Bütün bunlar Azərbaycanda da diqqətlə izlənilir, mənfi təsirlərin neytrallaşdırıması üçün preventiv tədbirlər görülür. Nəticədə Azərbaycanda iqtisadi artım tempi yüksək dinamika nümayiş etdirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Azərbaycanla Avropa İttifaqı arasında ticarətin artımı xüsusi diqqət cəlb edir. Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 7 milyard 189 623 ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur. Dörd ayda Azərbaycandan Avropa İttifaqı ölkələrinə 6 milyard 234 280 ABŞ dolları həcmində məhsul ixrac olunub. Bu, illik ifadədə 38 faiz çoxdur. Avropa İttifaqı ölkələrindən Azərbaycana məhsul idxalının dəyəri isə 787 600 ABŞ dolları təşkil edib. Digər istiqamətlərdə də ticarətin həcmi artır.
Artan istehsal, tranzit daşımaların çoxalması, xidmət sektorunda yüksəliş və digər faktorlar ÜDM-nin ölkədə artımını stimullaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2025-ci ildə ÜDM-nin artımı 3,7 faiz, 2026-cı ildə isə 3,2 faiz səviyyəsində gözlənilir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və digərləri da Azərbaycanda iqtisadi artımın dünyada orta göstəricidən yüksək olacağını bildirir. Bütün bunlar qlobal iqtisadiyyatdakı mənfi hallardan Azərbaycanın uğurla müdafiə olunduğunu göstərir.
MTM Analitik Qrup