QLOBAL FORUMLAR ÖLKƏMİZİN QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIQ VƏ TƏRƏFDAŞ ÇEVRƏSİNİ GENİŞLƏNDİRİR

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində fəal aktora çevrilməsini təmin edən əsas amillərdən biri də ölkəmizin qlobal planda sülh, sabitlik və təhlükəsizliyə verdiyi töhfələrlə şərtlənir. Son 15 ildə Azərbaycanın təşəbbüsü ilə keçirilən çoxsaylı mötəbər tədbirlər respublikamızı regionun intellektual mərkəzinə, sülh, təhlükəsizlik və sivil birgəyaşayış platformasına çevirib.

Rəsmi Bakının yürütdüyü fəal diplomatiya dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda ölkəmizin siyasi və iqtisadi müstəqilliyini, milli təhlükəsizliyini möhkəmləndirib, onu qlobal əhəmiyyətli tədbirlərin təşkilatçısına çevirib. 2008-ci ildə elan edilmiş “Bakı prosesi”nin tərkib hissəsi kimi dəyərləndirilən bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu göstərir. “Bakı Prosesi” çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı, o cümlədən Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin sammitləri digər mühüm tədbirlər qlobal əməkdaşlıq üçün uğurlu bağlantılar yaradıb.

Martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda öz işinə start verən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu bu baxımdan dünyanın diqqət mərkəzindədir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. XII Qlobal Bakı Forumunda yeni dünya nizamının aktual çağırışları, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri, orta güclərin yeni dünya düzənində rolu və digər qlobal məsələlər mövzular müzakirə olunacaq.

Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərarlar respublikamızın dünya miqyasında ilbəil artan siyasi, iqtisadi nüfuzu, regiondakı sabitləşdirici rolu ilə yanaşı, həm də dünyada sülhü, əməkdaşlığı və təhlükəsizliyi təşviq edən təşəbbüsləri ilə şərtlənir. Qlobal problemlərin müzakirə yollarının tapılmasına, birgə qərarların qəbuluna xidmət edən tədbirlər, konfrans və forumlar əlverişli dialoq mühiti yaradır, təcrübə və məlumat mübadiləsinə yol açır.

Prezident İlham Əliyev Forumun açılışında bununla bağlı deyib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.

Sivilizasiyalararası dialoqun inkişafına xidmət edən bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm də ölkəmizin nüfuzuna, onun iqtisadi, siyasi, hüquqi və digər sahələrdə həyata keçirdiyi islahatlara, reallaşdırdırdığı transmilli layihələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Bu və digər forumlar vasitəsilə sivil dialoq atmosferinin yaradılması, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələrin əsas məkanına çevrilib.

Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanla informasiya savaşının daim önündə dayanan, rəsmi İrəvanın işğalçı siyasətini tam mahiyyəti ilə ifşa edən Prezident İlham Əliyev bu məqsədlə müxtəlif tədbirlərin tribunasından diplomatik məharətlə istifadə edir. Erməni diasporunun dezinformasiyaları və Avropa ölkələrinə fəal təsirləri fonunda dövlətimizin başçısı qlobal forumlarda auditoriyaya obyektiv informasiya və mesajlar verməyə nail olur. Bu açıqlamalar postmünaqişə mərhələsində Ermənistanın qeyri-konstruktiv mövqeyinin nümayişi baxımından da xüsusilə əhəmiyyətlidir.

İkinci Qarabağ müharibəsinə qədər ölkəmizdə keçirilmiş beynəlxalq toplantılar Azərbaycana Ermənistanın danışıqlar prosesindəki pozucu və destruktiv mövqeyini ifşa etmək, işğalın və qəbuledilməz “status-kvo”nun aradan qaldırılması, beynəlxalq hüquq normalarının təmini üçün güc tətbiqinin qaçılmaz zərurət olduğunu nümayiş etdirmək imkanı verib. Rəsmi Bakı 44 günlük müharibə zamanı və sonrakı dövrdə məhz düzgün diplomatiyası və təbliğatı sayəsində müxtəlif təzyiqləri inamla dəf edib, güc mərkəzlərinin münaqişəyə tərəf kimi müdaxiləsinin qarşısını alıb.

Postmüharibə dövrünün hibrid müharibəsi mərhələsində də üstünlüyünü təmin edən rəsmi Bakı qlobal forumlar, toplantılar vasitəsi ilə İrəvanın sülh təşəbbüslərinə mane olduğunu, üzləşdiyi məğlubiyyətdən hələ də düzgün nəticə çıxarmadığını bütün dünyaya bəyan edir. Bu tədbirlərdə yerli və xarici medianın dəstəyi ilə Ermənistanın, habelə onu dəstəkləyən Fransa və digər dövlətlərin qərəzli iddialarının əsassızlığını real faktlar, arqumentlər əsasında dünyaya çatdırılır.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla danışıqların gündəliyini müəyyənləşdirib, müxtəlif güc mərkəzlərinin diqqətini öz maraqları ilə bağlı regional məsələlərə cəlb edib. Cənubi Qafqazın sülh, təhlükəsizlik və inkişaf adasına çevrilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 3+3 formatında əməkdaşlıq formatının təşviqi bunun bariz nümunəsidir. Bunlarla yanaşı, Rusiya ilə Ukrayna arasında 3 ildir ki, davam edən genişmiqyaslı, üzücü müharibə fonunda Azərbaycanın yürütdüyü xarici siyasətin regionda sülhə, təhlükəsizliyə xidmət etməsi, sabitləşdirici rol oynaması beynəlxalq səviyyədə etiraf olunur.

XII Qlobal Bakı Forumunun aktuallığını şərtləndirən amillərdən biri də çağdaş dünyanın üzləşdiyi lokal və qlobal xarakterli problemlərin həllində səylərin birləşdirilməsidir. Bu qəbildən olan tədbirlər ölkələrin dialoqa girə bildiyi, sazişlər bağlaya, ikitərəfli münasibətləri gücləndirə biləcəyi diplomatik arena rolunu oynayır. Milli-dini zəmində qarşıdurmaların, ksenofobiya, İslamafobiya kimi neqativ təzahürlərin gücləndiyi hazırki şəraitdə dünya ölkələrinin qlobal problemlərin həllinə cəlb olunmaları, bu məqsədlə birgə layihələr həyata keçirmələri, yeni öhdəliklər götürmələri, geniş iqtisadi, mədəni və humanitar əlaqələr qurmaları obyektiv zərurətdir.

Nəhayət, bu və digər tədbirlər Azərbaycan reallıqlarının dünyaya daha yaxından təqdimatına, ölkəmizin tərəfdaş və qarşılıqlı faydalı əməkdaşlıq çevrəsinin genişləndirilməsinə xidmət edir.

MTM Analitik Qrup