Azərbaycan və Avropanın müxtəlif elmi mərkəzlərini təmsil edən arxeoloqların Goranboy rayonu ərazisində azərbaycanlı həmkarları ilə apardıqları birgə elmi tədqiqatlar barədə məlumat beynəlxalq “Phys.org” elm saytında dərc edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, elmi yeniliklər üzrə ixtisaslaşmış “Phys.org” texnoloji və tibbi tədqiqatlar üzrə ən son məlumatları yayımlayan “Tech Xplore” və “Medical Xpress” veb-saytları ilə birlikdə qlobal əhatə dairəsi aylıq 10 milyondan çox oxucusu olan və hər gün 200-dən çox yüksək keyfiyyətli məqalə dərc edən “Science X” qlobal media şəbəkəsinə daxildir.
Kiel Universitetinin (Almaniya) məlumatlar bazasına istinadən dərc edilən məqalədə qeyd olunur ki, uzunluğu 1000 kilometrdən çox, hündürlüyü 5600 metrə çatan Qafqaz dağ silsilələri Xəzər və Qara dənizləri arasında uzanır. Bu, bir nəhəng təbii maneə kimi görünsə də, əslində, min illər boyu Qərbi Asiyanın yüksək dağları ilə Cənub-Şərqi Avropanın çölləri arasında mühüm əlaqə və mübadilə zonası olmuşdur. Amma Qafqazdan və qonşu regionlardan əldə edilən arxeoloji məlumatlar fraqmentar olaraq qalır.
Kiel Universitetinin “Cluster of Excellence ROOTS” proqramı layihəsi çərçivəsində avropalı tədqiqatçılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan olan həmkarları ilə birlikdə 2021-ci və 2023-cü illərdəki iki çöl tədqiqatı mövsümündə Azərbaycanda 1300-dən çox arxeoloji obyekti sistemli şəkildə müəyyən edərək sənədləşdiriblər.
Aparılan tədqiqatların nəticələri beynəlxalq elmi “Antiquity” və “Archaeological Prospection” jurnallarında dərc edilib. İki mövsüm aparılan çöl araşdırmaları zamanı komanda uzaqdan zondlamadan tutmuş “in-situ” geofiziki ölçmələrə qədər müxtəlif tədqiqat metodlarının birləşməsindən istifadə edib.
Xəbərdə qeyd edilir ki, 1960-1970-ci illərin çox erkən peyk şəkilləri ilə müasir təsvirlərin müqayisəsi də landşaftda dəyişiklikləri aşkar edib. “Qazıntı işlərindən əvvəl bu şəkillərin təhlili, ehtimal olunan kurqanların əhəmiyyətli sayda çox olduğunu təsdiqlədi”, – deyə layihə meneceri arxeoloq Andrea Ricci bildirib.
Arxeoloji ekspedisiya landşaftın 3D modellərini yaratmaq üçün bir neçə hektar ərazinin fotoşəkillərini çəkib. “Belə inteqrasiya olunmuş üsullar kurqanların ölçülərini və məkan əlaqələrini indiyə qədər heç vaxt əldə olunmamış intensivlik və dəqiqliklə sənədləşdirməyə imkan verir ki, bu da kurqanların çox vaxt qrup halında yerləşdiyini göstərir”, – deyə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov beynəlxalq elmi veb-sayta açıqlamasında bildirib.
Xəbərdə xüsusi olaraq vurğulanır ki, geomaqnit və elektromaqnit ölçmələri, yerin altındakı strukturları aşkar edən georadarların istifadəsi kurqanların formasını və ölçüsünü sənədləşdirmək üçün geniş imkanlar yaradıb. Təkcə Uzun Rəmə yaylasında beynəlxalq arxeoloji komanda 1200-dən çox kurqan müəyyən edə bilib. Bunlardan yalnız 200-ə yaxını əvvəllər məlum idi. Qaraçay vadisi boyu daha 85 kurqan aşkar olunub. Onlar eramızdan əvvəl IV və I minilliklərə aiddir. Kurqanlara əlavə olaraq, arxeoloji komanda Son Tunc-Erkən Dəmir dövrünə aid dəfn yerləri və ya fərdi qəbirləri, həmçinin Xalkolit (e.ə. V-IV minillik) dövrünə və orta əsrlərə (X-XV əsrlər) aid yaşayış yerləri müəyyən edib.