QLOBAL BAKI FORUMU ÇƏRÇİVƏSİNDƏ “XXI ƏSRDƏ İNSAN HÜQUQLARI, DEMOKRATİYA VƏ YENİ ÇAĞIRIŞLAR” MÖVZUSU MÜZAKİRƏ EDİLİB

IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda panel iclası keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən panel iclasında “Vətəndaşların əhəmiyyətli hissəsinin nə üçün onilliklər qabaq bu qədər heyranlıq doğuran demokratik sistemlərdən açıq-aşkar uzaqlaşması baş verir?”, “İnsan iradəsi” marketinq strategiyaları”, “Saxta xəbərlər və qərəzli anlayış ilə istehsal oluna bilsəydi demokratiya nə qədər real olardı?”, “Qərarlar qəbul edən elita ilə səfərbər olunmuş ictimaiyyət arasında fərq artarsa, demokratiya nə qədər funksional olar?”, “Siyasi yadlaşma və apatiya artarsa, demokratiya nə qədər təmsilçi olar?”, “Siyasi müstəvidə belə meyillər fonunda hamı üçün fərdi insan hüquqlarını adekvat şəkildə necə qorumaq olar”, “Yeni, daha təmərküzləşmiş siyasi modellərin (məsələn, Çin və Sinqapur) heyranlıq və təsir qazandığı, Qərbin ənənəvi demokratiyalarının isə hətta öz dövlətlərində müxtəlif hərəkatlarla üz-üzə qaldığı şəraitdə yeni qlobal quruluşun əsas doktrinaları nəyi vurğulayır?” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışı zamanı “Real demokratiya nədir”, “Demokratiya necə çalışır” kimi sualları cavablandırıb. O, bütün dünyada azadlığın, müstəqilliyin əsas vacib dəyərlər olduğunu deyib. Eyni zamanda, demokratik sistemdə keyfiyyətin artırılmasının əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, hər bir demokratik sistemdə mövcud olan amilləri qabartmaq lazımdır. Hökumətlər insanların gələcəyinə dair qərarlar qəbul etdiyi zaman onların da iştirakının olması, rəyinin alınması vacib məsələdir.

“Burada, eyni zamanda, düzgün mesajlar vermək, insanlarla danışmaq və onların hüquqlarına həssas yanaşmaq lazımdır.

Siyasətçilər, təsisatlar insanlarla ünsiyyətdə olduqları zaman populizmdən uzaqlaşmalıdırlar. İnsanlar arasında, cəmiyyətdə etimadın yaradılması çox vacib məsələdir. Hazırda beynəlxalq səviyyədə ən yaxşı sistem demokratiyadır”, – deyə Xorvatiyanın sabiq Prezidenti əlavə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qanunun aliliyinin əsas amil olduğunu söyləyib. Qeyd edib ki, insanlar fərqli fikirləri söyləmək üçün mübarizə aparmalıdırlar. Hər bir vətəndaşa, fərdə düzgün yanaşmaq lazımdır. Anadan olan hər bir şəxsin hüquqları tanınmalı və təmin olunmalıdır. Hər bir konkret addım icraata gətirib çıxarır. Bunun üçün də onun qanunda təsbitini görməliyik. Dövlət məmurlarının siyasi mənsubiyyəti də olmamalıdır. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxış edərək bildirib ki, çağdaş müasir dünyada insan hüquqlarının qorunması humanitarlaşma siyasətində əsas yeri tutur. “Bu gün Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə sizi təbrik etmək istərdim. Bugünkü panelin adı da təsadüfi deyil. Bu, çox gözəl dəyərləri özündə aşılayır. İnsan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu hüquqi dövlət strukturudur və müstəqil insan hüquqlarını qoruyan bir təsisatdır. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşımızda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir”, – deyə ombudsman bildirib.

Onun sözlərinə görə, hüquq prinsiplərinin pozulması humanitar qanunun pozulmasına gətirib çıxarır. Bu, BMT Baş Assambleyasının qəbul etdiyi insan hüquqlarına dair sənəddə də qeyd olunub. Beynəlxalq hüquqa hörmətsizlik dünya ictimaiyyətinin, nüfuzlu təsisatların gündəmində qalmalıdır. Bu cür fundamental məsələlərdə yenidən həyəcan təbili çalınmalıdır. Münaqişələrin qarşısının alınmasında BMT ilə birgə mühüm çevik mexanizmlər hazırlayıb sərt qərarların, qətnamələrin qəbulunda iştirak etmək lazımdır.

Bəşəriyyətin cinayətlərə qarşı öz sözünü deməli olduğunu bildirən S.Əliyeva 30 il ərzində Azərbaycanın çağırışlarının səssiz qarşılandığını diqqətə çatdırıb. Soydaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsinə ədalət səsi qaldırılmadı. Buna qarşı beynəlxalq məhkəmə çağırılmalıdır. Ermənistan tərəfindən xalqımıza qarşı törədilən soyqırımı bəşəriyyətə qarşı cinayət idi ki, bu da birbaşa insanların hüquq və azadlıqlarına xələl gətirir. “Ölkəmizə qarşı törədilən vandalizmlə bağlı hesabat hazırlamışam. Hesabatda xalqımıza, dövlətimizə məxsus tarixi, mədəni irslərə qarşı cinayətlər, qocalara, qadınlara, uşaqlara qarşı mənfur aparılan siyasət əks olunub. Onlar çox dərindən tədqiq olunacaq. Cinayətkarlar dəlillər əsasında məhkəmə qarşısına çıxarılacaq və ədalət bərpa olunacaq. Ombudsman kimi beynəlxalq hüquq normalarına dair sənədlərə Azərbaycanın qoşulmasına çalışacaq və sülhün, təhlükəsizliyin bərqərar edilməsi istiqamətində cəhdlərimi əsirgəməyəcəyəm”, – deyə ombudsman vurğulayıb.

Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin deyib ki, bu gün dünyada demokratiyanın nə qədər populyar və cəlbedici olduğunu görürük. Demokratiyanın inkişafı üçün hökumət təsisatları tərəfindən təhsilə daha çox diqqət ayrılmalıdır. Təhsilin indiki vəziyyəti qaneedici deyil, dünyəvi elmi əsasları olan təhsilə ehtiyac var.

O bildirib ki, artıq universitet məzunu olmaq kifayət deyil. Gənclər demokratiyanı qurmağa dair təhsil almalıdırlar. Demokratiya bir mədəniyyətdir. Ona görə də demokratik ölkə qurmaq üçün buna söykənən mədəniyyətə sahib olmaq lazımdır.

Liviyanın Avropa İttifaqındakı sabiq nümayəndəsi, insan hüquqları müdafiəçisi Fəridə Allaqi həyatı boyu dünya vətəndaşı olaraq qadına münasibətin dəyişməsini səbirsizliklə gözlədiyini söyləyib. “Mən Liviyadan 14 il əvvəl didərgin düşmüşəm. Liviyada diktator rejimi xaos yaratdı, təlatümlərə yol açdı, artıq dövlət yoxdur. Liviya öz aqibətini həll edə bilmədi. Liviya zəngin, gözəl ölkədir, ancaq insanlar yoxsuldurlar. Biz istəyirik ki, övladlarımız fikirlərini təqdim etsinlər, uğurlar qazansınlar”, – deyə Fəridə Allaqi əlavə edib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburici dünyadakı qaçqın böhranından danışıb, qısa müddətdə bunun daimi həllinin olmadığını deyib. O, qaçqınlarla bağlı problemlərin azaldılması istiqamətdə səylərin artırılmasının əhəmiyyətini qeyd edib.

Çiril Gaburici, həmçinin qlobal sabitliyin və təhükəsizliyin təmin olunması istiqamətində yaranan problemlərdən bəhs edib.

NAKO-nun icraçı direktoru, Ukraynanın sabiq maliyyə naziri Olena Trequb ölkəsində azadlıq uğrunda aparılan mübarizədən bəhs edib. Qeyd edib ki, Ukrayna üçün demokratik dəyərlər çox vacibdir.

Panel iclası müzakirələrlə davam edib.