Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yüklərin erməni sakinlərə çatdırılmasına dəstək olmağa hazır olduğunu bəyan edib.
Bu barədə cəmiyyətdən verilən məlumatda deyilir.
Qeyd edilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda, fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.
Bildirilib ki, AzQAC istər Birinci Qarabağ savaşı dövründə, istər Vətən müharibəsi zamanı və istərsə də COVİD-19 pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş şəxslərə müvafiq humanitar yardımlar göstərib:
“30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçiriblər.
Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzki kampaniyanın aparılmasının şahidi oluruq.
Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edir:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikasının Konstitusiyasına; “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə; “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə; Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə; Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə; Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır.
Belə ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.
Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub.
Bu bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunub”.