
Azərbaycan florasında olan bitkilərin 35 faizindən çoxu Qarabağda yayılıb. Ərazidə ümumilikdə 101 növ dərman, 44 növ yabanı qida-meyvə və giləmeyvə, 28 növ yabanı tərəvəz, 20 növ ətirli-ədviyyəli, 10 növ boyaq və 300 növ yem bitkisi olması haqqında fikir söyləyə bilərik. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 1-ci nəşrində 30 növün arealının əsas hissəsi azad edilmiş ərazilər olub. On növün isə təbiətdə arealı yalnız Qarabağdır.
Bunu Ekoloji məsələlər üzrə işçi qrupunun üzvü, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova işçi qrupunun Zəngilanda keçirilən iclasında deyib.
“İşğaldan azad edilmiş ərazilərdə 57 fəsiləyə və 99 cinsə aid 165 nəsli kəsilmək təhlükəsində olan, 34 fəsiləyə və 84 cinsə aid 119 endem və subendem növün olduğu bildirilir. “Qırmızı kitab”ın II nəşrində 8 Qarabağ endemi haqqında məlumat verilib. III nəşrə 60-dək növ Qarabağ regionundan daxil olub. Son nəşrə daxil edilmiş ali bitki növlərinin bir hissəsinə Şuşa və Şuşaətrafı ərazilərdə rast gəlinir.
Şərqi Zəngəzurun alp və subalp landşaftlarında endem növlərin sayı 48-dir.
Botaniklərin araşdırmalarına görə, Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi yayılıb. Onlardan 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur. Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsilə və 28 cinsə aid 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, bir çoxu Azərbaycanın “Qırmızı kitab”ına salınmış bitkilərdir”, – deyə İradə Hüseynova bildirib.