QIRĞIZISTANIN ƏN BÖYÜK GƏNCLƏR TƏŞKİLATINDAN ŞUŞA-XANKƏNDİ YOLUNDAKI EKO AKSİYAYA DƏSTƏK

Qırğızıstanın Birləşmiş Gənclər Təşkilatı İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Təşkilatı ARM) hazırda Şuşa-Xankəndi yolunda davam edən ekoaksiyaya dəstək bəyanatı ilə çıxış edib.

Bəyanatda Mərkəzi Asiyada çayların quruması nəticəsində ətraf mühitə dəyən ziyanın hansı fəsadlar törətdiyi, xüsusilə Qırğızıstanın təbii resurslardan məhrum olması faktı diqqətə çatdırılır, bu səbəbdən Birləşmiş Gənclər Təşkilatı Qarabağda ətraf mühitə qarşı törədilən qanunsuz hərəkətlərdən təəssüf hissi keçirdiyini bildirir. Sənəddə, o cümlədən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu istiqamətdə apardığı fəaliyyət yüksək qiymətləndirilir və qırğız ekspertlərin Qarabağda ekoloji monitorinq fəaliyyətində iştirak etməyə hazır olduqları vurğulanır.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Qarabağda məlum ekoaksiyaya dəstək təşəbbüsünə artıq Pakistandakı Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut və Gənc Diplomatlar Forumu, İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı və Gürcüstan Müsəlman Gənclər Mərkəzi yardım məqsədilə analoji bəyanatlarla çıxışlar ediblər.