
Xankəndi yaxınlığında benzin çəninin partladığı fövqəladə vəziyyətə ilk müdaxilə edən məhz Azərbaycan oldu və zərərçəkənlərə yardım üçün əməli addımlar atdı. Ağdam, Saatlı və Sabirabad xəstəxanaları yaralıları qəbul etmək üçün dərhal hazır vəziyyətə gətirildi. Eyni zamanda, yanıq əleyhinə tibbi ləvazimatlar, sarğılar, zərərçəkənlərin müalicəsi üçün dərman preparatları olan təcili yardım maşınları Xankəndinə göndərilib. Bakı tibbi yardıma ehtiyacı olan insanların daşınması üçün Ermənistandan gələn həkim briqadaları olan helikopterlərin gəlməsinə icazə verib. Azərbaycan hökuməti, həmçinin 40 ton un, gigiyena çantaları və yataq dəstlərindən ibarət daha bir humanitar yardım partiyası göndərib, Ağdam-Əsgəran-Xankəndi yolu ilə 30 ton benzin, 34 ton dizel yanacağı gətirilib.
Bu barədə Qırğızıstanın “Veçerni Bişkek” nəşrinə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov məlumat verib. Onun sözlərinə görə, sadalanan faktlar açıq şəkildə göstərir ki, Azərbaycan humanist mövqe tutur, 30 ildən artıq inciklik, qan və işğalın qisasını almağa çalışmır.
Diplomatın sözlərinə görə, son 35 ildə, o cümlədən son üç il ərzində Ermənistanın daxilindəki millətçi ünsürlər və bəzi xarici qüvvələr iki xalqın dialoqa getməsinə imkan verməyib, necə deyərlər, “bulanıq suda balıq tutmağa” çalışaraq, danışıqlar prosesinə maneələr yaradıblar.
“Yalnız Azərbaycan tərəfinin qətiyyətli addımlarından sonra Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət strukturlarının təmsilçiləri arasında real dialoq mümkün olub. Azərbaycan xalqı bütün əzab-əziyyətlərə baxmayaraq, qisas almaq fikrinə düşmür. Hələ ötən əsrin 90-cı illərində Qafqazda sülh təşəbbüsü ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin arzusu da belə idi: bizə dinc Qafqaz, evimizdə əmin-amanlıq lazımdır. Biz bu məqsədə çatmaq üçün bütün səyləri göstərəcəyik”, – deyə səfir bildirib.
Qırğızıstan nəşri yazır: “Qarabağda tərk-silah prosesinin davam etdiyi cəmi üç gündə aydın oldu ki, bu bölgə həqiqətən də dünyanın ən hərbiləşdirilmiş zonasına və hərbi anbarların, işğal illərində toplanmış silah və sursatların sayı baxımından regionun barıt çəlləyinə çevrilib. Şuşada xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinə ələ keçirilən silah-sursat, hərbi texnika, o cümlədən Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus artilleriya qurğuları, tanklar, minaatanlar, raketlər, haubitsalar nümayiş etdirilib. Hərçənd erməni tərəfi dəfələrlə bütün dünyanı bunun əksinə inandırmağa çalışır, həmin bölgədə qanunsuz hərbi birləşmələrin və silah-sursatın olmadığını iddia edirdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qeyd etdiyi kimi, tərksilah və demobilizasiya reinteqrasiyanın əsas komponentləridir”.