QAZAXISTANLI İFAÇILAR HÜSEYN CAVİDİN EV-MUZEYİ İLƏ TANIŞ OLUBLAR

İyulun 7-də Qazaxıstanın Manqışlak vilayətindən gəlmiş dombra ifaçıları Hüseyn Cavidin ev-muzeyində olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara Türk dünyası ədəbiyyatının bənzərsiz simalarından olan, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı, əsərlərinin bədii-fəlsəfi əhəmiyyəti və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.

Qazax musiqiçiləri, həmçinin muzeyin tarixi, fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-tədqiqat işləri, son illərdəki nəşrləri barədə də məlumatlandırılıblar və onları maraqlandıran suallar cavablandırılıb. Ötən il Hüseyn Cavidin ev-muzeyində qazax ictimai-siyasi xadimi Əhməd Baytursunlunun yubileyinin qeyd olunduğu barədə də məlumat verilib.

Qədim qazax xalq dastanlarının və dombra alətinin ifaçıları Aliya Qaramuxanova, Undasn Kalxanov və qazaxıstanlı musiqiçilərin rəhbəri Eldost Emil Qızıl Orda xanlığı dövründən miras qalmış ümumtürk mədəniyyətinin unikal nümunələrindən biri “40 bahadır” eposunu təbliğ etməklə məşğul olduqlarını və böyük Azərbaycan şairi Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin ötən əsrin 40-cı illərində Azərbaycan folklor abidələrinin toplanması istiqamətində gördüyü işlərin, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının nəşr etdirdiyi “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin də onlar üçün bu istiqamətdən maraqlı olduğunu bildiriblər.

Qonaqlarla gələcək əməkdaşlıq layihələri müzakirə olunub, sonda qazaxıstanlı musiqiçilər muzeyin xatirə kitabına ürək sözlərini yazıb, Hüseyn Cavidin portreti fonunda şəkil çəkdiriblər.