Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın müdafiəsinə kiminsə gələcəyini və bununla da onların təxribatlarına haqq qazandıracağına dair İrəvanın ümidlərini puça çıxardı.
Belə ki, Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərin suallarını cavablandırarkən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Qazaxıstan sülhməramlılarının Ermənistana göndərilməsi məsələsinin gündəmdə olmadığını deyib.
“Məsələ bu cür qaldırılmayıb. Ötən gün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistan baş naziri KTMT üzv ölkələrinin dövlət başçılarını Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb. Ümumilikdə məlumat qəbul edilib. Əlbəttə biz daha obyektiv məlumatlar əldə etmək istərdik, çünki hər iki tərəfdən fərqli məlumatlar daxil olur. Ona görə də dövlət başçıları qərar qəbul etdi ki, KTMT baş katibi hadisə yerinə getsin, yerində tam mənzərə ilə tanış olsun və dövlət başçılarını məlumatlandırsın”, – deyə o bildirib.

