Qazaxıstanın media orqanlarında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları geniş işıqlandırılıb.
“24KZ” telekanalı qeyd edir ki, inkişaf etmiş ölkələr qlobal istiləşmə ilə mübarizəyə hər il 300 milyard dollar vəsait ayıracaqlar.
“Kazinform” beynəlxalq xəbər agentliyinin məlumatına görə, ilkin olaraq bu məbləğ 250 milyard dollar müəyyən edilib, lakin COP29 çərçivəsində intensiv diplomatik danışıqlardan sonra vəsaitin həcmi artırılıb.
“Kazaxstanskaya Pravda” nəşri xəbər verir ki, bu vəsaitlər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə sərf olunacaq, həmçinin onlara qlobal istiləşmənin nəticələrinə – quraqlıq, tufan və daşqınlara uyğunlaşmağa kömək edəcək.
“Zakon.kz” xəbər portalı vurğulayıb ki, konfrans iştirakçıları iqlimə yardımın artırılması barədə razılığa gəliblər. Resurs aydınlaşdırır ki, 2035-ci ilə qədər dövlət və özəl maliyyə mənbələri nəzərə alınmaqla dəstəyin ümumi məbləği ildə 1,3 trilyon dollara çatmalıdır.