QAZAXISTAN MƏTBUATINDA AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİ BARƏDƏ MƏQALƏ DƏRC EDİLİB

Qazaxıstanın “İnbusiness.kz” saytında Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri barədə məqalə yayımlanıb.

Secki-2024.az xəbər verir ki, məqalədə Prezident seçkilərinin nəticələrinin Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi-ticari əlaqələrə təsiri barədə proqnozlara yer verilib. Bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında təkcə möhkəm dostluq münasibətləri deyil, həm də nəhəng ticari-iqtisadi əlaqələr mövcuddur.

“Biz ticarətin əhəmiyyətli dərəcədə artırılmasından danışırıq. Beş il ərazində on, iyirmi dəfə çoxalan artımlardan bəhs edirik. Bunlar çox böyük rəqəmlərdir”, – deyə jurnalist Kuat Dombay fikrini bildirib.

“Ekspertlər yekdilliklə Azərbaycanda keçiriləcək Prezident seçkilərinin Qazaxıstanla münasibətlərin maksimum stimullaşdırılmasına, həmçinin “Transxəzər” nəqliyyat dəhlizinin inkişafını sürətləndirməyə və Türk Birliyinə (Türk Dövlətləri Təşkilatı nəzərdə tutulur – red.) dinamika əlavə etməyə imkan verəcək”, – deyə yazıda vurğulanıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanla Qazaxıstan arasında ötən il ticarət dövriyyəsinin həcmi 417 milyon manat olub. Qazaxıstanlı analitiklərin fikrincə, bu rəqəm artacaq.